2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb
23 yanvar 2018 14:26 (UTC +04:00)

2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2017-ci il martın 16-da elan edilmiş 2-ci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsinin nəticələrini açıqlayıb. 

 

Müsabiqə 2015-ci il 28 noyabr tarixində Minsk şəhərində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli beynəlxalq Sazişin müddəaları nəzərə alınmaqla keçirilib. Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli layihələr və 100 000 manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 17-dən mayın 15-dək qəbul olunub. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilib.

 

Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak ediblər. 2-ci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 1 milyon manat olmaqla 15 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək (55.5%) olub.

 

Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın seçimi zamanı üstünlük verilib. Müsabiqə üzrə qalib layihələr AMEA-nın Fizika, Polimer Materialları, Aşqarlar Kimyası, Kataliz və Qeyri-Üzvi Kimya, Botanika, Fiziologiya, Mikrobiologiya, İqtisadiyyat və Tarix institutlarında, M.V.Lomonosov adına Moskva Dövlər Universitetinin Bakı Filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində, həmçinin Azərbaycan Dövlət Neft Şirkətində yerinə yetiriləcəkdir. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir. Fizika-riyaziyyat və texnika elmləri üzrə 7 layihə, Kimya elmləri üzrə 2 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 3 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 6-sı qadındır.

 

Qalib layihələr 2018-ci ildən başlayaraq maliyyələşdiriləcək.

 

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286
avatar

Oxşar yazılar