“Vahid forma kimin imkanlı, kimin imkansız olması bəlli olmur" - Aşıq Samirə
12 oktyabr 2026 15:44 (UTC +04:00)

“Vahid forma kimin imkanlı, kimin imkansız olması bəlli olmur" - Aşıq Samirə

0

“Məktəbli geyimi ilə yanaşı, şagirdlərin xarici görünüşünə də nəzarət edilməlidir”

Bu sözləri Əməkdar mədəniyyət işçisi, aşıq, Prezident mükafatçısı Aşıq Samirə Əliyeva Lent.az-a açıqlamasında bildirib.

O, övladlarının daim xüsusi məktəbli geyimində dərsə getdiklərini deyib:

“Bu qərara əslində çoxdan riayət olunur. Mənim övladlarım da dövlət məktəbində təhsil alırlar. Onlar hər zaman xüsusi məktəbli geyimində dərsə gediblər. Düşünürəm ki, bu, çox doğru qərardır. Bu yolla ailələrin sosial durumlarındakı fərqlilik aradan götürülür, kimin imkansız, kimin imkanlı olması bəlli olmur, uşaqların fikri yayınmır. Məktəbdə şagirdin fikri dərsə yönəlməlidir, onlar öz aralarında “sabah nə geyinək”, “kim dəbli geyinir”, “kim ucuz geyinir”, kimi məsələri yox, yalnız öz bilik səviyyələrini müzakirə etməlidirlər. Bu baxımdan vahid məktəbli formasının olması, həm valideynlər, həm şagirdlər üçün bu, çox yaxşı addımdır.

Məktəb illəri uşaqlar üçün həssas dövrdür. Onlar məktəbdə böyüyür, həddi-büluğa çatana qədər oxuyurlar. Biz gələcəkdə kim olacağımıza, hansı peşəni seçəcəyimizə məktəbdə qərar veririk. Bir sözlə - gələcəyimizi məktəbdə müəllimlərin, evdə valideynlərin köməyi ilə qururuq. Ona görə də məktəbdə fikir əsas təhsilə, elmə, savada yiyələnməyə yönəlməlidir.

Onsuz da, hər bir uşaq Allahın ona bəxş etdiyi o saf varlığı ilə gözəldir. Hər kəs də eyni formanı geyinəndə onların o saflığı daha da üzə çıxır.

Vahid geyim formasının təkcə təhsilalanlara yox, təhsilverənlərə də tətbiqi vacibdir. Mən bir həm valideyn, həm pedaqoq kimi vahid geyim formasının tətbiqini çox yaxşı qarşılayıram”.

Aşıq Samirə bildirib ki, məktəbli geyimi ilə yanaşı, şagirdlərin xarici görünüşünə də nəzarət edilməlidir:

“Məktəblərdə yalnız şagirdlərin geyim formasına deyil, onların ümumi xarici görünüşünə də diqqət yetirilməlidir. Məktəbli geyimi ilə yanaşı, uşaqların xarici görünüşü də məktəb mühitinə uyğun olmalıdır. Bəzən şagird məktəbli forması geyinsə də, xüsusilə qız uşaqlarında dırnaq boyası, makiyaj və uyğun olmayan saç düzümü müşahidə edilir.

Şagirdlərin saçları sadə formada yığılmalı, üzlərində və əllərində əlavə kosmetik vasitələrdən istifadə olunmamalıdır. Məktəb mühitində sadə və səliqəli görünüşə üstünlük verilməlidir.

Bu məsələyə həm valideynlər, həm də məktəb rəhbərliyi birlikdə nəzarət etməlidir. Qarşılıqlı əməkdaşlıq şəraitində şagirdlərin məktəb qaydalarına riayət etməsini təmin etmək daha asan olar.

Əslində, bunlar yeni qəbul edilmiş qaydalar deyil. Sadəcə, həmin qaydalara əməl edənlərin sayı təəssüf ki, azdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar