Üzüstə yatmaq səhərlər boyun tutulmasına, bel ağrılarına və çiyinlərdə narahatlığa səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətdə uzun müddət qalmaq onurğanın təbii formasını qorumasını çətinləşdirir və əzələlərə əlavə yük salır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, insan üzüstə yatarkən rahat nəfəs almaq üçün başını sağa və ya sola çevirməyə məcbur olur. Nəticədə boyun bir neçə saat eyni istiqamətə çevrilmiş vəziyyətdə qalır. Bu isə əzələlərin gərginləşməsinə və səhər oyandıqdan sonra boyunda sərtlik hissinin yaranmasına səbəb ola bilər. Xüsusilə hündür yastıqdan istifadə edilməsi boyun və çiyinlərə düşən yükü daha da artırır. Belə hallarda insan səhər yuxudan oyandıqda özünü dincəlmiş deyil, əksinə, yorğun və narahat hiss edə bilər.
Üzüstə yatmaq bel ağrılarını niyə artırır?
Bu vəziyyətdə yatmaq bel nahiyəsinə də mənfi təsir göstərə bilər. Xüsusilə yumşaq döşəkdə yatarkən çanaq və qarın nahiyəsi döşəyin içinə daha çox çökür. Nəticədə onurğanın aşağı hissəsində həddindən artıq əyilmə yaranır.
Belə vəziyyət bel əzələlərinə əlavə gərginlik yarada və mövcud ağrıları gücləndirə bilər. Xüsusilə əvvəldən bel ağrılarından əziyyət çəkən insanlarda narahatlıq daha çox hiss oluna bilər.
Çiyinlərdə ağrı və əllərdə keyimə yarana bilər
Üzüstə yatmağın digər mənfi təsirlərindən biri də çiyin oynaqları ilə bağlıdır. İnsan yatarkən qolunu başının və ya yastığın altına qoyursa, çiyin oynağı uzun müddət narahat vəziyyətdə qalır. Bu zaman sinirlərə təzyiq nəticəsində qollarda müvəqqəti keyimə və iynələnmə hissi yarana bilər. Adətən bədənin vəziyyəti dəyişdirildikdən sonra bu əlamətlər aradan qalxır. Lakin əllərdə keyimə tez-tez təkrarlanırsa, uzun müddət davam edirsə, gündüz saatlarında da müşahidə olunursa və ya əzələ zəifliyi ilə müşayiət edilirsə, bunu yalnız yanlış yuxu vəziyyəti ilə əlaqələndirmək düzgün deyil. Belə hallarda həkimə müraciət etmək tövsiyə olunur.
Üzüstə yatmaq hər kəs üçün zərərlidirmi?
Mütəxəssislər bildirirlər ki, üzüstə yatmaq bütün insanlar üçün mütləq zərərli hesab edilmir. Bəzi insanlarda bu vəziyyət xoruldamanı azalda bilər. Çünki arxasıüstə yatmaqla müqayisədə yuxarı tənəffüs yollarının daralma ehtimalı daha az ola bilər. Bununla belə, insan mütəmadi olaraq səhərlər boyun və bel ağrıları ilə oyanırsa, yuxu vəziyyətini dəyişdirməyə çalışmalıdır. Eyni zamanda istifadə etdiyi yastığın hündürlüyünə və döşəyin sərtliyinə diqqət yetirməsi məsləhətdir.
Hansı vəziyyətdə yatmaq daha sağlamdır?
Alimlərin sözlərinə görə, hər kəs üçün eyni dərəcədə uyğun olan universal yuxu vəziyyəti yoxdur. Ən yaxşı vəziyyət ağrı yaratmayan, sərbəst nəfəs almağa imkan verən və onurğanın təbii formasını qoruyan vəziyyətdir. Yanüstə yatmaq bəzi insanlarda xoruldamanı və yuxu apnesinin əlamətlərini azalda bilər. Sol böyrü üstə yatmağın beynin tullantı maddələrdən təmizlənməsində iştirak edən glimfatik sistemə müsbət təsir göstərə biləcəyi də irəli sürülür. Lakin bu təsirin insanlarda nə dərəcədə əhəmiyyətli olduğu hələ tam sübut edilməyib.
Arxasıüstə yatmaq isə onurğanın neytral vəziyyətdə qalmasına kömək edə bilər. Bununla belə, bəzi insanlarda xoruldamanı və yuxu apnesini gücləndirə bilər.
Mütəxəssislər yuxu vəziyyətini seçərkən bədənin verdiyi siqnallara diqqət yetirməyi məsləhət görürlər. Əgər insan hər səhər ağrı, tutulma və ya keyimə ilə oyanırsa, yatış vəziyyətini və yataq şəraitini dəyişdirmək faydalı ola bilər.