Müasir dövrdə ünsiyyətin böyük hissəsi mesajlaşmalar, sosial şəbəkələr və videozənglər vasitəsilə baş tutsa da, psixoloqlar hesab edirlər ki, insanın xoşbəxtliyi üçün ən dəyərli dostluq münasibətləri spontan və səmimi görüşlərə əsaslanan əlaqələrdir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqların fikrincə, məhz bu cür münasibətlər stressi azaldır, tənhalıq hissini zəiflədir və psixoloji sağlamlığı gücləndirir.
Psixoloq Nikol Andreolinin sözlərinə görə, belə dostluğun əsasını tez-tez görüşmək deyil, qarşılıqlı etibar və təhlükəsizlik hissi təşkil edir.
Belə dost əvvəlcədən uzun-uzadı plan qurmaq əvəzinə "yaxınlıqda idim, düşündüm sənə baş çəkim" deyə bilər. Onun yanında insan özünü göstərmək, evi ideal vəziyyətə salmaq və ya qonağı əyləndirmək məcburiyyətində qalmır.
Ailə psixoterapevti Tova Mins bildirir ki, belə münasibətlərdə insanlar sadəcə birlikdə oturub çay içə, söhbət etmədən belə rahat vaxt keçirə bilirlər. Məhz qüsursuz görünməyə ehtiyac olmaması bu dostluğu xüsusi edir.
Belə dostluq illərlə formalaşır
Psixoloqlar vurğulayırlar ki, bu səviyyədə yaxınlıq qısa müddətdə yaranmır. O, uzun illər ərzində qarşılıqlı dəstək, etibar və həyatın müxtəlif mərhələlərində bir-birinin yanında olmaq sayəsində formalaşır.
Filmlərdə və seriallarda tez-tez rast gəlinən dostluq modeli
Mütəxəssislər qeyd edirlər ki, bu dostluq modeli məşhur seriallarda da tez-tez təsvir olunur. Qəhrəmanlar bir-birinin evinə xəbər vermədən gedir, birlikdə səhər yeməyi yeyir, qəhvə içir və gündəlik həyatlarını paylaşırlar.
Bu cür münasibətlər izləyicilərdə isti hisslər oyadır, çünki insanların əksəriyyəti yanında özünü olduğu kimi hiss edə biləcəyi dostlara sahib olmaq istəyir.
Texnologiyalar dostluğu dəyişir
Psixoloqlar hesab edirlər ki, texnologiyanın inkişafı dostluq münasibətlərinə də təsir edib. Bu gün "qapını döyüb gələ bilən dost" anlayışını getdikcə daha çox videozəng vasitəsilə gündəlik işlər zamanı əlaqə saxlayan dostlar əvəz edir.
Belə ünsiyyət emosional yaxınlığı müəyyən qədər qorusa da, mütəxəssislər insanların canlı görüşlərə və gündəlik birgə vaxt keçirməyə olan ehtiyacının hələ də yüksək olduğunu bildirirlər.
Belə dostlar psixi sağlamlığı qoruyur
Psixoloqların sözlərinə görə, yaxın dostluq münasibətləri təkcə xoş vaxt keçirmək üçün deyil, həm də psixi sağlamlıq üçün vacibdir.
Etibarlı dost çevrəsinə sahib olan insanlar stresə daha davamlı olur, çətin həyat vəziyyətlərinin öhdəsindən daha rahat gəlir və narahatlıq, depressiya kimi problemlərlə daha az qarşılaşırlar.
Araşdırmalar göstərir ki, uzunmüddətli sosial təcrid orqanizmə siqaret çəkmək qədər mənfi təsir göstərə bilər.
Tənhalığı azaldır və daxili rahatlıq yaradır
Mütəxəssislər bildirirlər ki, insan mühakimə olunmaqdan qorxmadan özü kimi davrana bildiyi dostların yanında özünü daha rahat hiss edir. Bu isə tənhalıq hissini azaldır və sinir sisteminin sakitləşməsinə kömək edir.
Əksinə, davamlı tənqid, gözlənilməz davranışlar və gərginliklə müşayiət olunan toksik dostluq münasibətləri orqanizmdə stress səviyyəsini artırır.
Belə dostluğu necə qurmaq olar?
Psixoloqlar bildirirlər ki, bu cür münasibətlər zamanla yaranır. Bunun üçün dostlarla daha tez-tez əlaqə saxlamaq, səbəbsiz yerə qonaq çağırmaq, birlikdə gəzintiyə çıxmaq, alış-veriş etmək və ya gündəlik işləri birlikdə görmək faydalıdır.
Onlar qonşularla münasibət qurmağın da vacibliyini vurğulayırlar. Çünki yaxın məsafədə yaşayan insanlar arasında spontan görüşlər daha asan baş tutur və insanlar özlərini daha böyük bir icmanın üzvü kimi hiss edirlər.
Bununla yanaşı, mütəxəssislər xatırladırlar ki, səmimi dostluq heç vaxt qarşı tərəfin şəxsi sərhədlərini pozmaq və ya israrçı davranmaq anlamına gəlməməlidir.