Qəfil yola çıxıb qəzaya səbəb olan  PİYADALAR NECƏ CƏZALANDIRILACAQ?
10 sentyabr 2021 09:04 (UTC +04:00)

Qəfil yola çıxıb qəzaya səbəb olan PİYADALAR NECƏ CƏZALANDIRILACAQ?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının növbəti mövzusu ölüm və xəsarətlə nəticələnən yol qəzalarına səbəb olan piyadalarla bağlıdır.

Dövltə Yol Polisi İdarəsinin statistik göstəricilərinə əsasən, yol qəzalarının əsas səbəbi adətən yüksək sürət, sərxoş halda avtomobil idarə etmək və s. olur. İdarənin ötən gün etdiyi müraciətdə məsuliyyətsiz piyadaların da belə qəzalara səbəb olması öz əksini atıb.

Görəsən, insan tələfatı ilə bitən yol qəzalarının səbəbkarı olan piyadalar barəsində hansısa cəza tədbiri nəzərdə tutulub?

Rubrikamızın sualına Dövlət Yol Polisi İdarəsindən aydınlıq gətirilib. DYP-nin açıqlamasına görə, piyadalar yanlış olaraq düşünürlər ki, onların təqsiri üzündən baş vermiş istənilən yol-nəqliyyat hadisəsi zamanı maksimum 20 və ya 40 manat məbləğində cərimə oluna bilərlərlər:

“Lakin hərəkət iştirakçılarının, xüsusilə də piyadaların diqqətinə çatdırmaq istərdik ki, qanunvericiliyin tələbinə əsasən əgər hər hansı yol qəzası piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, artıq o, cinayət məsuliyyətinə cəlb olunacaq.

Bir qrup insan hansısa yol sahəsində piyada keçidlərinin olmamasından şikayət etdiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin demək olar istifadəsiz qaldığının şahidi oluruq. Bu isə onu deməyə əsas verir ki, piyadaların yol hərəkəti qaydalarına riayət etməsi yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, yol hərəkəti mədəniyyətinə və ictimai davranış vərdişlərinə daha çox bağlıdır.

Ona görə də yol hərəkəti qaydalarına əməl edilməsinin insan həyatı üçün əhəmiyyəti fərdlərə erkən yaşlarından aşılanmalı, mövcud tələblərin qeyri-şərtsiz, adi həyat norması kimi qəbul edilməsi təbliğ olunmalı və bu istiqamətdə ictimai şüur formalaşmalıdır”.

# 2028
avatar

Mehman Nəbiyev

Oxşar yazılar