“Vətən Müharibəsi zamanı digər hərbi qulluqçularla yanaşı, Müdafiə Nazirliyinin tibbi personalı da böyük qəhrəmanlıq və şücaət göstərib”.
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı 150 nəfər tibb işçisi yaralanıb, 9-u həkim olmaqla ümumilikdə 42 nəfər xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub: “Müharibənin ilk günündən yaralıların tibbi təminatı, müalicəsi Ali Baş Komandan, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır. Yaralılarımızın bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzlərinin yaradılmasına göstəriş verilib. Hazırda Səhiyyə Nazirliyinin, TƏBİB-in nəzdində ən müasir avadanlıqlarla təmin olunmuş reabilitasiya, bərpa mərkəzləri fəaliyyət göstərir”.
Elxan İbrahimovun sözlərinə görə, reabilitasiya mərkəzlərində yaralı əsgər və zabitlərə peşəkar tibb işçiləri tərəfindən böyük diqqət və qayğı göstərilir: “Müdafiə Nazirinin göstərişi əsasında işğaldan azad olunmuş torpaqlarda 2 səhra tip hospitalı və bir neçə tibb məntəqəsi gecə-gündüz hərbçilərimizə xidmət edir. 44 günlük müharibə zamanı bizim 2-ci cəbhəmiz var idi ki, bu da dünyanı bürüyən pandemiya, COVID-19 virusu idi. Lakin mən buradan sizə çatdırmaq istəyirəm ki, bizim hərbi həkimlər, mülki tibb işçiləri, Səhiyyə Nazirliyi və TƏBİB-in birlikdə əməkdaşlığı nəticəsində Silahlı Qüvvələrin hərbçiləri arasında virusun yayılma halı, demək olar, sıfıra bərabər olub”.
Hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam etdirilən qazi Ruslan Əmrahov onlar üçün yaradılan bütün şəraitlərindən yüksək səviyyədə razıdır: “Özüm mülkidə riyaziyyat-informatika müəllimiyəm. Oktyabrın 1-də cəbhəyə göndərilmişəm. 3-dən 4-nə keçən gecə Tərtər istiqamətində yaralanmışam. Əvvəl Sarıcalıya apardılar, sonra bura gətirdilər. Mənim böyrəyim işləmirdi. 21 saat neytral ərazidə qalmışam, qan itirmişəm. Burada ayağıma fiksator qoyublar. İndi hər şey yaxşıdır”.
İgidliyi ilə qısa vaxtda hər kəsin qəlbində yer tapan Elçin Səmədovun haqqında şad xəbəri çəkiliş zamanı öyrəndik. Belə ki, aparılan təkrar yoxlamalar zamanı onun ürəyində qəlpə olmadığı təsdiqini tapıb. Bu barədə tibb xidməti polkovnik-leytenantı Səməd Səmədli məlumat verib: “Çəkilən bir rentgendə şübhəli məqam olmuşdu ürəyində qəlpə olması ilə bağlı. Sonra təkrar hospitalımıza gətirildi. Aparılan tomoqrafik, ağciyər müayinələri zamanı qəlpənin ürəyində deyil, onurğa ətrafı əzələlərdə olduğu göründü. Ürəyinin tam sağlam olduğu aydın oldu və buna çox sevindik”.
Elçin isə həkimlərindən çox razı olduğunu deyib: “Suqovuşan istiqamətində yanımda partlayış oldu. Orda yaralanmışam. Mərmi düşdü yanıma. Əla baxırlar həkimlərimiz. Hər şey qaydasındadır”.
Qazi Faiq Zeynəliyevin sözlərinə görə, həkimlərin sayəsində sağ qalıb: “Pulemyotla vurdular. Digər silahlarla da vurdular. Bura gələrkən çox pis idim. Həkimlərin sayəsində sağ qaldım”.
Hərbi hospitalın oftalmologiya bölməsində gözlərindən zədə alan hərbi qulluqçular müalicə olunur. Onların bəziləri müalicəsi başa çatdığı üçün evlərinə buraxılıb. Qazi Nəsrəddin Cəfərov yaradılan şəraitə görə təşəkkürünü bildirib: “Razıyıq. Müalicəmiz yaxşı aparılır. Təşəkkürümü bildirirəm baş həkimə və digər kollektivə”.
Hospitalda doğum gününü qazilərlə keçirən hərbi həkimə də rast gəldik. Tibb xidməti mayoru Səlahəddin Təhməzov kimi: “Bu gün mənim doğum günümdür. Lakin buna baxmayaraq, mən bu günü bu müqəddəs, bu məğrur, qürurlu insanların yanında keçirməyi özümə şərəf bilirəm. İki əkiz qardaşın eyni vaxtda burada, hospitalda müalicə almasının şahidi olmuşam. 16 ay bir-birini görməyən dayıoğlu və bibioğlunun burada yaralı halda bir-birini tapmasının şahidi olmuşam”.
Müdafiə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov müharibə qazilərinin müayinə və müalicə proseslərinin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini bildirib.
Xələf Xələfov
Faiq Həsənov