“Niqulya xanım” və ya cəmiyyətimizin omba xəstəliyi -  REPLİKA
12 iyun 2024 16:31 (UTC +04:00)

“Niqulya xanım” və ya cəmiyyətimizin omba xəstəliyi - REPLİKA

Son günlər sosial şəbəkələrdə “Niqulya xanım” trendi yayılıb. Müğənni Kəmalə Günəşlinin öz köməkçisi "Niqulya" xanımla yaratdığı bir dialoq dildən-dilə düşüb, indi bütün sahələrdən olan insanlar, hətta kişilər belə “Niqulya xanım” roliklərinə elə əslinə bənzər bəsit nəzirələr yaradırlar. 

Bilməyənlər üçün deyim ki, Kəmalə Günəşli getdiyi toyları reklam eləmək üçün bütün videoçarxlarında eyni şeyi təkrarlayır. Guya köməkçisindən xəbərsiz halda pozlar verir, sonra onu görüb, “Ay Niqulya xanım, burdasınız, yenə məndən tez gəlmisiniz, kordinatları verin, deyin görək hardayıq” deyir. Sonra da bədənşəkilləndirmə əməliyyatı ilə armudu stəkana bənzəyən əndamını, xüsusilə dar paltarların içində titrəyən ombalarını nümayiş etdirərək  çıxır gedir fonoqram oxumağa.

Antireklam da bir reklamdır deyiblər. Əvvəllər bu sadə çarxlara lağ edənlər indi onu o qədər yamsılayıb çəkiblər ki, Kəmalə Günəşli, yəni onun “Niqulya” videoları dönüb olub müğənninin təbiri ilə desək trend...

Bizim millətin də görünür "omba xəstəliyi" var. Yoxsa toylarda içib gözləri, başları axan kişilər niyə ciblərindəki son manatlarını belə bu xanımın əlinə dürtüşdürmək üçün sıraya düzülsünlər ki?! Arvadı evdə 5 manat istəyəndə müharibə qoparan kişi toyda çılpaq rəqqasənin sinəsinə toxunmaq üçün əllilikləri uf demədən düzür onun parıltılı geyimin ora burasına. Kəmalə Günəşli “Bu Kamışa zəng elə”, “Tamara” kimi mahnılarını ən azından min dəfə təkrar-təkrar fonoqramla səsləndirib, toya onun əldəqayırma ombalarına baxmaq üçün gedən xüsusi kütlələr yaradıb. Belə müğənnilər az deyil.

Müğənni olmaq üçün əvvəllər boşanırdılar, indi kiminsə ərini göstəriş olsun deyə qollarına taxırlar, sonra gedirlər plastik cərraha. Popaya, dodağa, sinəyə dolğudan doldurub vulqar görüntü əldə edirlər (bunsuz olmaz, gərək kənardan baxan dönüb bir də baxsın, hamı bilsin ki, müğənni gəlir, öncə salona özü, sonra arxası daxil olsun). Bu müğənni marketinqinin əsas tərkib hissəsidir. Xarici görünüş düzələndən sonra kompüter vasitəsi ilə səsi düzüb, qoşub, qazaxlılar demiş qəşəng qayırıb olurlar sənətkar.

Tələb olmasa təklif olmaz. Lağ edən də bizimkilərdir, arzu edənlər də. Belə məclislərdə abır həyaya yox, ombaya ehtiyac var. Heç kim o kişilərin başına tapança dirəyib "müğənniyə pul ver" demir. Ombası göz çıxardan müğənni toy bazarına daxil olandan ən gec 2 ay sonra efirlərə çıxıb  villa və bahalı avtomobillərini nümayiş etdirir. Varlı həyat yaşamaq istəyən yüzlərlə qıza stimul verir, “məktəb olur”.

Bu görüntülər cəmiyyətin güzgüsüdür və nə yazıq ki, bu bizik!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8472
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar