Nazirlikdən taun xəstəliyi ilə bağlı  AÇIQLAMA
05 oktyabr 2026 16:02 (UTC +04:00)

Nazirlikdən taun xəstəliyi ilə bağlı AÇIQLAMA

0

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur.

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Epidemioloji vəziyyət daim qiymətləndirilir və ehtiyac yarandığı halda müvafiq tədbirlər operativ şəkildə gücləndirilə bilər. Ölkəmizdə son 50 il ərzində taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Azərbaycanda epidemioloji vəziyyət sabitdir və aidiyyəti qurumların nəzarəti altındadır.

Rusiyadan ölkəmizə gələn şəxslərlə bağlı sanitariya-epidemioloji nəzarət tədbirləri qüvvədə olan tələblərə uyğun keçirilir. Şübhəli hal aşkarlandığı təqdirdə, xəstədən götürülmüş nümunələrin laborator müayinəsi Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında həyata keçirilə bilər. Mərkəz bu istiqamətdə müayinələrin aparılması üçün zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin fəaliyyət istiqamətlərinə taun və digər xüsusi təhlükəli infeksiyalar üzrə epidemioloji nəzarət daxildir”, - qeyd olunub.

O da bildirilib ki, taun əsasən təbii ocaqlı infeksiyadır və törədicisi Yersinia pestis bakteriyasıdır. Xəstəlik təbiətdə əsasən gəmiricilər və birələr arasında dövr edir: “İnsanın yoluxması, əsasən, yoluxmuş heyvan və ya birələrlə təmas, habelə bəzi hallarda xəstəliyin ağciyər forması zamanı tənəffüs yolu ilə baş verə bilər.

Taun müalicə olunan xəstəlikdir və erkən diaqnostika ilə vaxtında tibbi müdaxilə mühüm əhəmiyyət daşıyır. Bununla belə, hazırkı məlumatlara əsasən, Azərbaycan əhalisi üçün xüsusi narahatlığa əsas verən vəziyyət mövcud deyil. Vətəndaşlara yalnız rəsmi məlumatlara istinad etmələri tövsiyə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar