Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviyanın baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, görüşdə baş prokuror ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Kamran Əliyev ötən ilin fevral ayında Riqaya işgüzar səfərini və latviyalı həmkarları ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını bildirib.
Səfərə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən Yuris Stukans ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnun olduğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
Tərəflər ölkələrimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalar və təşkilatlar, o cümlədən Avrocast və Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquq mühafizə orqanlarımız arasında əməkdaşlığın müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.
Baş prokuror Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və digər sahələrdə törədilmiş cinayət işləri üzrə hüquqi yardım və aktivlərin bərpası haqqında sorğuların icrası, həmçinin qurumlararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaxın gələcəkdə Anlaşma Memorandumunun imzalanması müzakirə olunub.
Görüşdə Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya iştirak edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.