İmtahana xüsusi rabitə vasitəsi keçirmək istəyən aşkarlandı
09 iyun 2024 13:15 (UTC +04:00)

İmtahana xüsusi rabitə vasitəsi keçirmək istəyən aşkarlandı

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 9-da I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan keçirilib.

DİM-dən Lent.az-a verilən xəbərə görə, imtahan 14 şəhər və rayonda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 78 imtahan binası, 1375 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 78 ümumi imtahan rəhbəri, 224 imtahan rəhbəri, 1719 nəzarətçi, 240 buraxılış rejimi əməkdaşı, 78 bina nümayəndəsi cəlb olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. 1 nəfər isə özü ilə gizli şəkildə xüsusi rabitə vasitəsi keçirməyə cəhd edərkən binanın girişində müəyyən edilib və imtahana buraxılmayıb. Hər iki halla bağlı araşdırma aparılır. Xatırladaq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

İmtahanda 18440 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 26 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

İyunun 10-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7431
avatar

Oxşar yazılar