Təqvim
18 dekabr 2020 09:03 (UTC +04:00)

Təqvim

Dünyanın bu günü - VİDEO

YURİ NİKULİN

(1921-1997)

Tanınmış gülüş ustası, SSRİ xalq artisti Yuri Vladimiroviç Nikulin 18 dekabr 1921-ci ildə Rusiyanın Demidov şəhərində dünyaya gəlib. Əsasən sirk artisti kimi tanınan aktyor məşhur kloun Karandaşın rəhbərlik etdiyi qrupda fəaliyyətə başlayıb. 1982-ci ildən ömrünün sonuna kimi Moskva Dövlət Sirkinin baş rejissoru işləyib. Kino aktyoru kimi də böyük şöhrət qazanıb. “Qafqaz əsiri”, “I” əməliyyatı və ya Şurikin başqa macəraları”, “Brilyant əl” və s. filmlərdə yaratdığı obrazlar ona ümumxalq sevgisi qazandırıb. Yuri Nikulin 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra Moskvada vəfat edib.

QULU ƏSGƏROV

(1928-1987)

Müğənni, bəstəkar, xanəndə və pedaqoq Qulu Rüstəm oğlu Əsgərov 1928-ci il dekabrın 18-də Salyan şəhərində anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda təhsil alıb. Gənc yaşlarında rayon teatrında çıxış edib, Xalq Çalğı Alətləri Ansamblına rəhbərlik edib. 1953-cü ildə Gənc istedadların respublika olimpiadasının qalibi olub. Seyid Şuşinski, Nəriman Əliyev kimi görkəmli xanəndələrin ifaçılıq ənənələrini mənimsəyib və muğamın sirlərinə dərindən yiyələnib. Xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir. Uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışan Qulu Əsgərov 11 iyun 1987-ci ildə Bakıda dünyasını dəyişib.

SÜLEYMAN ƏLİYARLI

(1930-2014)

Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı 1930-cu ilin bu günü Beyləqan rayonunun Şahsevən kəndində dünyaya gəlib. Moskva Dövlət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda başlayıb. Aspiranturanın son kursunda Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilib və ömrünün sonunadək həmin kafedrada çalışıb. 1989-2000-ci illərdə Milli Məclisin Yer adları komissiyasına başçılıq edib, 1992-2001-ci illərdə Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 2000-ci ildə Türk Tarix Qurumunun fəxri üzvü seçilib. 150-dən çox elmi məqalə, 7 monoqrafiya və 8 kitabın müəllifidir. Süleyman Əliyarlı 2014-cü il yanvarın 16-da Bakıda vəfat edib.

VÜSAL XƏLİLOV

(1972-1996)

Qarabağ müharibəsinin qazisi Vüsal Ədalət oğlu Xəlilov 18 dekabr 1972-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. Xırdalan şəhərindəki 2 saylı orta məktəbin 8-ci sinfini və Bakıdakı 8 saylı texniki peşə məktəbini bitirib. 1991-ci ildə sovet ordusunda hərbi xidmətə çağırılıb və Belarus Respublikasının paytaxtı Minsk şəhərində 7 ay xidmət etdikdən sonra Azərbaycana qayıdıb. Milli Ordunun sıralarına qoşularaq Şuşa, Ağdam və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Füzuli rayonunun Alxanlı kəndində gedən qanlı döyüşdə düşmən mərmisinin qəlpələri onu ürək nahiyəsindən və başından ağır yaralayıb. Vüsal Xəlilov 1996-cı il avqustun 11-də dünyasını dəyişib.

HƏNƏFİ TEREQULOV

(1877-1942)

Azərbaycanda opera xorunun banilərindən biri, aktyor, müğənni, teatr xadimi və ictimai xadim Məmməd Hənəfi Həsən oğlu Terequlovun anım günüdür. O, 7 noyabr 1877-ci ildə Tiflisdə anadan olub. Qardaşı Əli Terequlovla birlikdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. “Arşın mal alan”, “Qız qalası əfsanəsi” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Hənəfi Terequlov 1942-ci il dekabrın 18-də Bakıda vəfat edib. O, Üzeyir Hacıbəylinin həyat yoldaşı Məleykə Terequlovanın və Müslüm Maqomayevin həyat yoldaşı Baydıgül Terequlovanın qardaşıdır.

VATSLAV HAVEL

(1936-2011)

Çexoslovakiyanın sonuncu, Çexiyanın birinci prezidenti, yazıçı-dramaturq, dissident, hüquq müdafiəçisi və dövlət xadimi Vatslav Havelin xatirə günüdür. O, 5 oktyabr 1936-cı ildə Praqada dünyaya gəlib. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra Çex Texniki Universitetində iqtisadiyyat fakültəsində təhsilini davam etdirib, lakin 2 il sonra oradan qovulub. Dramaturq kimi Praqa teatrlarında şöhrət qazanıb. Siyasi fəaliyyəti onun polis nəzarəti altında olmasına və 1979-1983-ci illərdə həbsxana həyatı yaşamasına səbəb olub. Çexoslovakiyada "Vətəndaş Forumu" ictimai-siyasi təşkilatının yaradıcılarından biri, Avropa Tolerantlıq və Barışıq Şurasının üzvü olub. "Vətəndaş Forumu" partiyası 1989-cu ildə Çexoslovakiyada kommunizmin süqutuna səbəb olan "məxməri inqilab"da mühüm rol oynayıb. Bundan sonra o, Çexoslovakiyaya rəhbərlik etməyə başlayıb. 1993-cü ildə Slovakiya müstəqillik əldə etdikdən sonra 10 il Çexiya Prezidenti olub. Varşava Paktının ləğv edilməsində və NATO-nun şərqə doğru genişləndirilməsində çox aktiv fəaliyyət göstərən Vatslav Havel 2011-ci il dekabrın 18-də dünyasını dəyişib.

UCAL HAQVERDİYEV

(1960-2004)

Azərbaycan rəssamı Ucal Həsən oğlu Haqverdiyev də bu gün xatırlanır. O, 1960-cı il iyunun 9-da Bakıda rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində doğulub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində və Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1987-ci ildən SSRİ və respublika sərgilərində iştirak etməyə başlayıb. Həmin il pravoslav xristianlığı qəbul edib, xaç suyuna salınaraq "Pyotr" adını alıb. Bir sıra əsərlərin müəllifidir. Avstriya, Almaniya və Azərbaycanda keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub. Əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə özəl kolleksiyalarda saxlanılır. 2000-ci ildə “Humay” milli mükafatına layiq görülən Ucal Haqverdiyev 2004-cü il dekabrın 18-də Bakı şəhərində vəfat edib. O, əməkdar artist Əli Haqverdiyevin, musiqişünas professor Zemfira Qafarovanın və rəssam Hüseyn Haqverdiyevin qardaşıdır.

Dünyanın bu günü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Oxşar yazılar