“Dünya Bakıdan verilən çağırışı eşitməlidir” - UN-Habitat rəhbəri
22 may 2026 16:10 (UTC +04:00)

“Dünya Bakıdan verilən çağırışı eşitməlidir” - UN-Habitat rəhbəri

0

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğurla təşkilində mühüm rol oynadığını bildirib.

Lent.az xəbər verir ki, o, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində deyib.

O, Azərbaycanın dayanıqlılığını, qətiyyətini və forumun təşkilinə göstərdiyi yüksək səviyyəli öhdəliyi xüsusi vurğulayıb.

“Azərbaycan dünyaya təkcə qurmaq deyil, həm də yenidən qurmaq və transformasiya etmək bacarığını göstərdi”, – Rossbax qeyd edib.

UN-Habitat rəhbəri bildirib ki, son iki il ərzində Azərbaycan forumun məzmunlu, innovativ və təsirli şəkildə keçirilməsi üçün yorulmadan çalışıb.

Rossbax həmçinin forumun təşkilində iştirak edən dövlət qurumlarına, BMT əməkdaşlarına, könüllülərə, xidmət təminatçılarına, tərəfdaşlara və media nümayəndələrinə təşəkkür edib.

O vurğulayıb ki, Bakıdan verilən çağırışın bütün dünyaya çatdırılması vacibdir və qlobal şəhər icması əldə olunan bilik, təcrübə və ideyalardan faydalanmalıdır.

Rossbax bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə də inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulmasını nəzərdə tutan 11-ci məqsədə nail olmaq üçün mənzil məsələsi əsas alətlərdən biridir.

UN-Habitat rəhbəri qeyd edib ki, Yeni Şəhər Gündəliyinin icrasının yarı mərhələsində Bakıdan verilən mesaj aydındır: növbəti onillik sürətləndirilmiş icra, daha geniş miqyaslı nəticələr və insanların həyatında ölçülə bilən dəyişikliklərlə xarakterizə olunmalıdır.

O, bunun üçün mənzilin yenidən dövlət məsuliyyəti kimi qəbul edilməsinin, şəhər və icmaların gücləndirilməsinin, məcburi köçürmələrin dayandırılmasının, mənzil maliyyələşməsinin transformasiyasının və qərarların etibarlı məlumatlara əsaslanmasının vacibliyini vurğulayıb.

Rossbax əlavə edib ki, iyulda keçiriləcək BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu və Yeni Şəhər Gündəliyinin icmal prosesində mənzil məsələsi Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini sürətləndirən əsas amillərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır.

UN-Habitat rəhbəri forum iştirakçılarını Bakıdan verilən çağırışları öz ölkələrinə və şəhərlərinə daşımağa səsləyib.

“Dünya Bakıdan verilən bu çağırışı eşitməlidir”, – deyə Rossbax vurğulayıb.

O qeyd edib ki, WUF13 çərçivəsində toplanan bilik, təcrübə, yaradıcı ideyalar və həllər gələcək şəhərlərin formalaşdırılmasına töhfə verməlidir. Rossbax forumun təşkilinə verdiyi töhfəyə görə Azərbaycan hökumətinə və tərəfdaş qurumlara təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar