Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə qaydalarına dəyişikliklər edilib. Yeni qaydalara əsasən, kirayəçilər öhdəliklərini başqa şəxsə müqavilənin bağlandığı tarixdən yalnız 3 il sonra ötürə biləcəklər.
Lent.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
2026-cı il oktyabrın 1-dən tətbiq olunan dəyişikliklərə əsasən, öhdəliyini başqa şəxsə ötürmüş vətəndaşlar bu mexanizmdən ötürülmə tarixindən 5 il sonra təkrar faydalana biləcəklər.
Bundan başqa, müraciət zamanı Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan şəxslər satmaq öhdəliyi ilə kirayə mexanizmindən yararlana biləcəklər.
Ərizəçilərin kredit tarixçəsinin qiymətləndirilməsi şərtləri də yenilənib. Qiymətləndirmənin nəticəsinə əsasən, yalnız “müsbət” və “qənaətbəxş” kredit tarixçəsi olan şəxslərə mexanizmdən istifadə imkanı veriləcək.
Fond bildirib ki, dəyişikliklər kirayə mənzillərin əlçatanlığının artırılması, mənzilə ehtiyacı olan daha çox vətəndaşın mexanizmdən faydalanması, iş proseslərinin şəffaflaşdırılması və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.
Qeyd edək ki, 2020–2026-cı illərdə bu mexanizm çərçivəsində Bakı, Sumqayıt və Abşeron rayonunda 17 müxtəlif ünvandakı yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib. İndiyədək 10 mindən çox kirayə müqaviləsi rəsmiləşdirilib.
Dəyişikliklərlə bağlı əlavə suallar üçün Fondun 1549 Çağrı Mərkəzinə müraciət etmək mümkündür.