Dedi ki, gedirik cəbhəyə, Qarabağa dastan yazmağa... - VİDEO
04 yanvar 2021 15:04 (UTC +04:00)

Dedi ki, gedirik cəbhəyə, Qarabağa dastan yazmağa... - VİDEO

44 günlük Vətən Müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Oqtay Məmmədovdur.

APA TV-nin qərb bürosunun xəbərinə görə, 1 yanvar 1994-cü ildə Gəncə şəhərində doğulan Oqtay hərbi xidmətini bitirdikdən sonra zərgər işləyirmiş.

General-mayor Polad Həşimov şəhid olandan sonra valideynlərindən xəbərsiz könüllü olaraq orduya yazılıb. Füzuli, Xocavənd, Şuşa və Laçın dəhlizi uğrunda gedən döyüşlərdə vuruşub. Hərbi əməliyyatların bitməsinə bir neçə saat qalmış Şuşanın Daşaltı kəndində şəhidlik zirvəsinə ucalıb və noyabrın 16-da Gəncənin Şəhidlər Xiyabanında dəfn olunub.

Atası Namiq Məmmədov Oqtayla sonuncu dəfə telefon danışığını belə xatırlayır: “Ayın 7-nə qədər telefonla əlaqə saxlayırdıq. Deyirdi ki, hər şey yaxşı olacaq, narahat olmayın. Dedi ki, ola bilsin, 2-3 gün telefonum bağlı ola bilər, narahat olmayın. Elə həqiqətən də ayın 7-dən sonra əlaqə kəsildi. Ayın 15-i də xəbəri gəldi ki, şəhid olub”.

Xidmət etdiyi hərbi hissənin fəal əsgəri olan Oqtay Məmmədov 2013-cü ildə Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə keçirilən hərbi paradda döyüş bayrağını aparan əsgərlərin sırasında olub.

Əmisi İsa Məmmədov deyir ki, Oqtayın arzusu anasının doğulduğu Füzuli rayonunu görmək idi. Elə Füzuli uğrunda gedən döyüşlərdə də şücaətlə vuruşdu: “Oqtayla axırıncı dəfə Gəncədə görüşdüm. Deyib gülürdü həmişə. Sağollaşdı bizimlə, dedi ki, əmi, gedirik cəbhəyə, Qarabağa dastan yazmağa. Həqiqətən də dastan yazdılar bizim igidlər. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin!”

Oqtay bibisi Şahəndə Məmmədovaya geri qayıdacağına söz veribmiş: “Balamız bir mələk idi, uçdu getdi o biri balalar kimi. Bizimlə telefonla danışanda şən idi, deyib-gülürdü. Söz də vermişdi ki, qayıdacaq, bizdə də qonaq olacaq. Fəxr edirik ki, bizim Azərbaycan oğulları torpağın, vətənin qədrini bilir. Bu, hər xalqa xas olan keyfiyyət deyil”.

Dostları onun vətənə çox bağlı və igid bir övlad olduğunu deyirlər: “Oqtay mənim uşaqlıq dostum idi. Çox yaxın idik. Cəbhədə olanda da danışırdıq, ümid edirdik ki, salamat qayıdacaq, qismət belə imiş. Mərd insan idi. Onun haqqında belə bir müsahibə verəcəyim ağlıma gəlməzdi. Amma həqiqətən şəhidlik zirvəsinə layiq bir oğul idi demirəm oğuldur. Çünki o, hələ də bizimlədir. Hər birimizin yanımızdadır, qəlbimizdədir”.

Prezident İlham Əliyevin sərəncamı ilə əsgər Oqtay Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur Döyüşçu” medalları ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4455
avatar

Oxşar yazılar