“Sosial Xidmətlər Agentliyinin ölkə ərazisində 31 filialı və 13 müəssisəsi mövcuddur. Ölkəmizdə karantin rejimi ilə bağlı qaydalar tətbiq edildiyi gündən agentliyin müəssisə və filiallarının işi də bu qaydalar əsasında qurulub”.
Bunu Lent.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.
O məlumat verib ki, dünyada COVID-19 virusunun qarşısının alınması məqsədilə hazırlanan peyvəndin ölkəmizdə tətbiqinə ötən ayın ikinci yarısında başlanıb:
“Bilirik ki, COVID-19 infeksiyasına qarşı peyvəndləmə tədbirlərinə uyğun olaraq əvvəlcə yaşı 65 və ondan yuxarı olan şəxslərin peyvənd olunması nəzərdə tutulub. Sosial Xidmətlər Agentliyinin müəssisələrində də bu yaş qrupunda olan şəxslər yaşayır və artıq onların da peyvənd olunmasına başlanıb. Sosial Xidmətlər Agentliyinin yaşı 65-dən yuxarı olan şəxslərin sayca çox yaşadığı müəssisələri arasında "Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsi" də hazırda qeyd olunan yaş kateqoriyasında 192 nəfər sakin var. "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi" də hazırda qeydiyyatda olan sakin sayı 65-dir. Onlardan 23-ü qadın, 42-i kişidir. Ən gənc sakinin 8, ən yaşlı sakinin 73 yaşı var. Müəssisədə hazırda məskunlaşan 10 sakinimiz 65-73 yaş arasındadır”.
Murad Həşimov onu da bildirib ki, müəssisələrində peyvəndləmə işləri sakinlərin sağlamlıq və fiziki vəziyyətlərindən asılı olaraq iki istiqamətdə aparılır:
“Sosial Xidmətlər Agentliyinin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində yaşı 65-dən yuxarı olan sakinlərin sayı 3-dür. Müəssisələrimizdə peyvəndləmə işləri sakinlərin sağlamlıq və fiziki vəziyyətlərindən asılı olaraq iki istiqamətdə aparılır. Belə ki, müəssisəni tərk etmək imkanı olan şəxslər tibb müəssisələrinə aparılaraq peyvənd olunurlar. Poliklinikaya gedə bilməyənlər üçün isə tibb işçiləri birbaşa müəssisənin özünə dəvət edilir və sakinlərimizin peyvəndlənməsini yerində həyata keçirirlər”.
Onu da deyək ki, COVID-19 virusunun qarşısının alınması məqsədilə sakinlərin peyvənd olunması prosesi hazırda da davam edir:
“Ümumilikdə gündəlik olaraq sakinlərin və işçilərin bədən hərarətləri ölçülür, müəssisələr dezinfeksiya edilir, şübhə doğuran şəxslər dərhal təcrid olunaraq həkim müayinəsinə göndərilir”.