Baş prokuror Kamran Əliyev “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, bildirilib ki, Türk Dövlətləri Təşkilatı türkdilli ölkələrin birliyi və əməkdaşlığı üçün əhəmiyyətli bir platformadır. Təşkilatın əsası 2009-cu ildə Naxçıvan Sazişi ilə qoyulmuş və o gündən bəri türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələri gücləndirməyə xidmət edib.
Nəzərə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə Təşkilatın əhəmiyyətini vurğulayıb və bu təşkilatın türkdilli xalqların birliyini daha da möhkəmləndirdiyini bildirib. Cənab Prezidentin sözləri ilə desək, “Türk Dövlətləri Təşkilatı türk dünyasının ortaq maraqlarını qorumaq və irəlilətmək üçün möhkəm bir təməldir.”
Əlavə olaraq qeyd olunub ki, müzakirə olunacaq və həyatımıza inteqrə edilmiş müasir texnologiyalardan istifadə sahəsində türk dövlətlərinin prokuror, hakim və mütəxəssislərinin aparacağı təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan prokurorluğunun “EPİS”i, Türkiyə ədliyyə sisteminin “UYAP”ı, Qazaxıstan hüquq mühafizə orqanlarının “Zandılık”ı və digər rəqəmsal platformaların bir-birimizdən öyrənərək daha da üst səviyyəyə daşınması üçün effektiv müzakirələrin aparılması olduqca əhəmiyyətlidir.