Bakıda son illər müşahidə edilən dəyişikliklər təsadüfi deyil. Əgər bir vaxtlar ictimai nəqliyyat tıxacda saatlarla ilişib qalmaq, sərnişinlərin isə əsəbi və yorğun halda dayanacaqlarda gözləməsi ilə müşahidə olunurdusa, indi mənzərə yavaş-yavaş dəyişir. İnfrastruktur layihələr, avtobus parkının yenilənməsi və ekoloji baxımdan daha təmiz nəqliyyat vasitələrinin gətirilməsi ictimai nəqliyyat mədəniyyətini yenidən formalaşdırır.
Lent.az rəsmi statistikaya əsaslanaraq bildirir ki, 2025-ci ilin ilk yarısında ölkə üzrə avtobuslarla 861 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,5 milyon nəfər çoxdur.
Maraqlısı odur ki, artım yalnız əhalinin sayına görə deyil, həm də insanların şəxsi avtomobildən avtobusa keçid etməsi ilə bağlıdır.
2023-cü ildə gedişlərin təxminən yarısı şəxsi maşın və taksi ilə olurdusa (48,4 faiz), bu il göstərici 41,8 faiz-ə qədər azalıb. Paralel olaraq ictimai nəqliyyatın payı 28,4 faizdən 33,9 faiz-ə yüksəlib.
Bu rəqəmlər bir sualı aktuallaşdırır. Nə dəyişib ki, sərnişinlər avtobuslara üz tutmağa başlayıb?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Lent.az-a açıqlamasında bildirib ki, avtobusların bir çox xüsusiyyətlərinə görə ona maraq yüksəlir:
“İctimai nəqliyyatın avtobus seqmentinə maraq artıb. Sərnişinlər daha çox avtobuslardan istifadə etməyə başlayıb. Bunun əsas səbəbi marşrut xəttinə buraxılan avtobusların sayı artırılıb, həmçinin köhnə avtobuslar mərhələli şəkildə yığışdırılaraq, yeniləri buraxılır. Bakının 40-a yaxın küçə və prospektində avtobuslara ayrılmış 112 kilometrlik xüsusi zolaqlar fəaliyyət göstərir. Hər gün bu zolaqlardan 1 milyona yaxın sərnişin istifadə edir. Avtobusların orta sürəti artıb, bəzi ərazilərdə gediş vaxtı 20 dəqiqəyə qədər azalıb. Bu, sadəcə statistik göstərici deyil, həm də insanların gündəlik həyatına təsir edən real dəyişiklikdir. İşə gecikməmək, uşaq bağçasına vaxtında çatmaq və ya tıxacda əsəb keçirməmək artıq avtobusun üstünlüyünə çevrilir. Bütün bu faktlar ictimai nəqliyyatın avtobus seqmentindəki cəlbediciliyini artırır”.
Lent.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, avtobuslara maraq illər keçsə də, azalmayacaq, əksinə artacaq:
“İctimai nəqliyyata hər zaman maraq yüksək olacaq, çünki bu, şəhər infrastruktur əsas ayrılmaz hissələrindən biridir. Onsuz şəhər nəqliyyatını təsəvvür etmək mümkün deyil. Növbəti illərdə islahatların aparılması ilə avtobuslara maraq ildən-ilə artacaq".
Qeyd edək ki, Bakıda avtobus parkının yenilənməsi də ictimai rəyin dəyişməsində mühüm rol oynayır. Keçən il COP29 ərəfəsində gətirilən 160 elektrikli avtobus artıq şəhər sakinlərinin xidmətindədir. Onlara əlavə olaraq, 2025-ci ildə 50 yeni avtobus xəttə buraxılıb, ilin sonuna qədər isə 200-dən çox ekoloji təmiz və komfortlu avtobusun gətirilməsi gözlənilir. Bakıda fəaliyyət göstərən 2200-dən çox avtobus rekord göstərici sayılır. Yaxın perspektivdə bu rəqəm 2800-ə çatdırılacaq.
Belə görünür ki, yaxın illərdə Bakıda avtobus yalnız ucuz və əlçatan nəqliyyat vasitəsi yox, həm də vaxtı qənaət edən, ekoloji və sosial baxımdan üstün bir seçim olacaq.