Azərbaycanda 16 yaşlı qızın ərə verilməsi barədə xəbər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Lent.az-a açıqlamasında bildirib ki, həmin faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.
Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə yalnız nişan mərasiminin keçirildiyini, övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını, 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər.
Qeyd edək ki, yayılan məlumata görə, Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı M. A Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib.