Əmlak Məsələləri üzrə Dövlət Xidməti illərdir dövlət orqanlarının avtomobilləri, torpaq sahələri və bağlar, katerlər, gəmilər və s. hərraca çıxarır. Keçirilən hərraclarda həmin daşınar və daşınmaz əmlaklar dəyərindən qat-qat ucuz qiymətə satışa qoyulur.
Xidmətin sentyabrın 21-də keçiriləcək hərracına isə çoxlu sayda “NİVA” və digər markalı avtomobillər də ilkin qiymət olaraq, 3000 və 3500 manata, gəmi isə 7500 manata təklif edilib. Məsələnni maraqlı tərəfi də həmin avtomobillərin bazarda hərraca qoyulan qiymətdən 2-3 dəfə baha olmasıdır.
Bu avtomobillərin hərrac qiyməti ilə bağlı tanınmış ekspert Elməddin Muradlı Lent.az-a danışıb. O bildirib ki, qiymətlərin tənzimlənməsi hərrac komissiyasının səlahiyyətlərinə daxildir:
Ekspert Elməddin Muradlı
“Hərraca çıxarılan avtomobillərin qiyməti dövlət tərəfindən tənzimlənir. Bu, Əmlak Məsələləri Dövlət Xidməti hərrac komissiyasının səlahiyyətlərinə daxildir. Qaydalarda nəzərdə tutulub ki, maşınların qiyməti bazara uyğun olmalıdır. Orada iştirak edənlər əvvəlcədən hərraca çıxarılan avtomobilin qiymətinin 10 faizini ödəməlidir. Hərrac şəffaf keçirilməlidir, ancaq hazırda şəffaflığın nə dərəcədə olmasından məlumatım yoxdur. Çox yaxşı olar ki, xidmət rəisi hərrac məsələləri ilə bağlı açıqlama versin. Qalib olmasalar belə, vətəndaşların da orada iştirakına şərait yaradılsın”.
Ekspert hərraca çıxarılan avtomobillərin istismara yararsız olduğunu da deyib:
“Dövlət orqanlarının avtomobilləri, torpaq sahələri, inzibati binalar, hətta bəzən helikopter də hərraca çıxarılır. Bütün bunların satışı qaydalar çərçivəsində həyata keçirilir. Avtomobillərin ilkin qiyməti çox ucuz qoyulur. Amma onu da nəzərə çatdırmaq lazımdır ki, dövlət avtomobilləri çox istismar olunur. Əslində onların bazar qiyməti odur. Hətta düşünürəm ki, həmin maşınlar hərraca çıxarılmaqdansa, metalloma göndərilsə daha yaxşıdır. Hərraca çıxarılan avtomobillərin istehsal tarixinə baxsaq görərik ki, dövlət həmin illərin maşınlarının ölkəyə buraxılmasına qadağa qoyub. Deməli, istismarı qadağandır. Ancaq ehtiyacı olan adamlar orada iştirak edib maşın alır. Yaxud dəllallar hərraclara qoşularaq maşın alır və ikiqat qiymətə bazarda satır”.