Atalıq hüququndan məhrum edilən
21 dekabr 2020 20:07 (UTC +04:00)

Atalıq hüququndan məhrum edilən

Atalıq hüququndan məhrum edilən hüquqşünas - ARAŞDIRMA

Bakı şəhərinin Yasamal rayon sakini S.M (ad şərtidir) atalıq hüququndan məhrum edilib. İxtisasca hüquqşünasdır. Gənc ailə 2018-ci ildə məhkəmənin qərarı ilə boşanıb. Onların birgə nikahdan bir oğul övladı var.

Məhkəmənin qərarı ilə ataya övladı ünsiyyət hüququ tanınsa da, 10 aydan sonra S.M bu hüquqdan məhrum edilib. Səbəb isə həyat yoldaşı Əsmər İlqar qızı Bəşirovanın valideyn hüququndan məhrumetmə ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciəti olub.

Əsmər Bəşirovanın müraciəti Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov tərəfindən araşdırılıb. Müvafiq olaraq rəy verilməsi üçün iş materialları Yasamal rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanına göndərilib.

S.M iddia edir ki, mənzil şəraiti yoxlanılmadan, ata ilə uşağın bağlılığı öyrənilmədən və heç bir əsaslandırma aparılmadan onu atalıq hüququndan məhrum ediblər: “2018-ci ildə ailə münaqişəsi zəminində ailəmdən ayrılmışam. Birlikdə ailə həyatımızdan 2015-ci ildə anadan olan bir oğlumuz var. Qayınatamın məsələyə müdaxiləsi nəticəsində övladımı əlimdən almaq istəyiblər. Bununla bağlı birinci instansiya məhkəməsində uşaqla ünsiyyət hüququmla bağlı tam olaraq mənim xeyrimə qərar verildi. Qarşı tərəf bununla razılaşmadı və ikinci instansiya məhkəməsinə müraciət elədi. Buna baxmayaraq, Apellyasiya Məhkəməsi uşaqla ünsiyyətimi qüvvədə saxladı. Bundan sonra Ali Məhkəmə ünsiyyət hüququmu tam təmin edərək qərar verdi”.

Bundan sonra S.M-nın keçmiş qayınatası yenidən Yasamal rayon Məhkəməsinə müraciət edir və onu aliment ödəməməkdə ittiham edir: “Mən işlədiyim müddətdə aliment mənim əmək haqqımdan çıxılmayıb. Bu, məhkəmə icraçısının yanlışlığıdır. Bunu icraçı yönləndirməlidir ki, aylıq aliment çıxarılsın. Ona görə də qarşı tərəf müraciətində mənim alimenti qəsdlə ödəmədiyimi əsas gətirdi. Beləliklə, mən qarşı tərəfin vəkilləri ilə görüşüb xahiş etdim ki, 10 ay işləmədiyim müddətdə nəzərə alınmaqla məbləğ sabit pul şəklində ödənilsin. Onlar mənim müraciətimi nəzərə almadılar”.

Proses müddətində S.M Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova qərarın ləğv olunması ilə bağlı müraciət edir: “Mən ödəniş kağızlarını təqdim etdim və dedim ki, 2000, 1700, 1300 manat məbləğində alimenti ödəmişəm. Hakim isə yenə qərəzli mövqe nümayiş etdirdi. Onda tələb etdim ki, prosesə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də mütəxəssisləri cəlb olunsun. Eyni zamanda uşaqla atanın bağlılığını sübut etmək üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının da işə cəlb olunmasını istədim. Çünki mən övladımı özüm böyütmüşəm”.

S.M bu tələbini hakim Ayaz Məmmədov rədd edir. Prosesə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də mütəxəssisləri cəlb olunur. Komitə məhkəmənin atalıq hüququndan məhrumetmə ilə bağlı qərarının tutarlı faktlara əsaslanmadığı ilə bağlı rəy verir.

İki ildir övladının üzünü görməyən ata məsələnin araşdırılması üçün müvafiq instansiyalara dəfələrlə müraciət edib. Yalnız ölkə rəhbərliyinə müraciətindən sonra Ali Məhkəmə işə düzgün baxılmadığı, uşağın mənafeyi əsas götürülmədiyi üçün işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Bundan sonra rəy verilməsi üçün iş yenidən Yasamal rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik orqanına göndərilib. İcra Hakimiyyətinin müvafiq şöbəsi isə yenidən “aliment ödəmədiyi üçün atalıqdan məhrumetmə məqsədəuyğun hesab edilsin” adlı qərarını yeniləyib: “Dekabrın 30-da proses Apellyasiya Məhkəməsində davam edəcək. Hakim Xəyal Sarıyev təyin olunub, əminəm ki, hakim tərəfindən obyektiv qərar veriləcək. Qanunla hər şeyin tənzimlənməsi üçün iki ildir mücadilə edirəm övladımı görməkdən ötrü. Ruhi Əsəb Dispanserindən, Narkoloji Dispanserdən və s.-dən sağlamlımla bağlı arayışları da təqdim etmişəm. Heç bir zərərli vərdişdən asılılığım yoxdur”.


Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyası sədri Təravət Muradova və komissiyanın məsul şəxsləri ilə görüşdük. Şifahi olaraq bildirildi ki, komissiya kollegial orqandır və yalnız rəy verə bilər. Atalıq hüququndan məhrumetmə qərarı isə yalnız məhkəməyə mənsubdur.

Komissiyanın rəyi tərəflərin təqdim etdiyi sənədlərə əsasən verilir. Təqdim olunan sənədə əsasən, S.M boşandıqdan sonra aliment ödəməyib, yalnız komissiyanın rəyindən sonra o, nəzərdə tutulan alimenti ödəməyə başlayıb.

Bundan başqa, komissiyanın hüquq şöbəsinin müdiri Ramin İsrafilov qeyd edib ki, Mülki Prosessual Məcəlləyə əsasən, onların rəyi məhkəmə üçün məcburi sənəd sayılmır. Yəni İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının rəyi əsas götürülə də bilər, götürülməyə də.

Bakı İnzibati Məhkəməsində hakimi Şəlalə Həsənova qəyyumluq komissiyasının rəyini ləğv edib, lakin S.M-nın keçmiş həyat yoldaşı bununla razılaşmayıb. İkinci dəfə məsələyə baxıldıqdan sonra İnzibati Məhkəmənin birinci qərarı ləğv edilib.

Komissiya üzvü Elçin Əhmədovun sözlərinə görə, hazırda məhkəmə qətnaməsinin icrasını Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsi yerinə yetirir. Problemin həllinə dair Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyində bildirilir ki, boşandıqdan 10 ay sonra ata aliment ödəməyə başlayıb.

Valideynlik hüquqlarından məhrum etmənin əsasları Ailə Məcəlləsinin 64-cü maddəsi ilə tənzimlənir. Belə ki, valideynlər, yaxud onlardan biri valideynlik hüquqlarından öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə məhrum edilə bilərlər.

Son söz isə məhkəmənindir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5238
avatar

Oxşar yazılar