İçtimai nəqliyyatda, iş yerlərində, məktəblərdə şagirdlər arasında qripə yoluxanların artdığı müşahidə olunur. Qrip və kəskin respirator xəstəliklərdən müalicə və xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə nələri etmək vacibdir?
Azərbaycanın baş infeksionisti Cəlal İsayev Lent.az-a bildirib ki, hazırda qriplə bağlı vəziyyət qorxulu deyil, o qədər də geniş yayılmayıb: “Mövsümlə əlaqədar qrip müşahidə olunur. Qonşularımız Gürcüstan, İranda da qrip xəstəliyi yayılıb və bizdə də olması normaldır. Amma vəziyyət elə də ciddi deyil, o qədər də geniş yayılmayıb. Qripin oynaq ağrıları, baş ağrısı, zəiflik və halsızlığa səbəb olması normaldır”.
C.İsayev bildirib ki, qrip olan insanlar işə, dərsə getməməli, evdə yataq rejimində olmalıdır: “İnsanlar arasına çıxmamaqla qripə yoluxanlar həm özünü, həm də ətrfadakıları qoruyur. Qripə ən yaxşı təsir edən vasitələrdən biri çögə, kəklikotu, zəncəfil, mixək bitkilərinin qarışığından dəmlənmiş çaydır. Bu bitkilərdən çay dəmlənir və gün ərzində iki-üç saatdan bir stəkan içilir. Eyni zamanda, çoxlu maye qəbul etmək lazımdır. 3 gün bu qarışıqların çayından içmək iltihab əleyinə yaxşı təsir edir. Qızdırmanı salır, antiviral təsir göstərir”.
Həkim onu da qeyd edib ki, qripin profilaktikası üçün zərərli vərdişlərdən uzaq durmaq, yaxşı qidalanmaq, təmiz havada gəzmək vacibdir: “İnsanların çox olduğu yerlərdə maskadan istifadə etmək lazımdır. Maskadan istifadə etmək qripə yoluxmanın qarşısını 60-70 faiz alır”.