Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirib. Lent.az -ın əldə etdiyi məlumata görə, əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılanlar arasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov da var. İctimaiyyətə bu ad o qədər də tanış deyil. Ona görə də Rafiq Bayramovun tərcümeyi-halına nəzər saldıq.
Bayramov Rafiq Yasin oğlu 10 noyabr 1972-ci il ildə anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib. 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil alıb və tarix fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 1995-1997-ci illərdə ordu sıralarında xidmətdə olub.
1998-1999-cu illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001-2003-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006-2014-cü illər ərzində Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib.
2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci ildə imzaladığı sərəncamla mədəniyyət nazirinin müavini təyin olunub.
Ailəlidir, 3 övladı var.