“Azərkosmos” ASC Dağlıq Qarabağ hadisələri haqqındakı tarixi faktların və erməni saxtakarlığını sübuta yetirən məlumatların rus, ingilis və fransız dillərinə təmənnasız tərcümə olunması təşəbbüsünə start verib.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini təhlil edən Azərbaycanlı tarixçilər, politoloqlar, iqtisadi ekspertlər və digər aidiyyəti tədqiqatçılar bu təşəbbüsə qoşulmaqla öz məlumatlarını sosial şəbəkələrdə fərqli dillərdə aktiv yaymaq imkanı əldə edə bilərlər.
Tərcümə üçün tarixi faktlara söykənən və əsaslı təhlil olunmuş məlumatları ad, soyad və telefon nömrə göstərməklə [email protected] elektron poçtuna göndərmək olar.
“Azərbaycanın bütövlüyü və işğal altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda düşmənə qarşı həm ön cəbhədə, həm də informasiya cəbhəsində mübarizə davam etdirilir. Dünyada kök salmış erməni yalanlarını ifşa etmək və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq üçün bu gün informasiya cəbhəsində hər birimiz mübariz bir əsgərik. Hazırkı informasiya mübarizəmizdə əsas vəzifə ermənilərin yaydığı və hələ də davam etdirdiyi saxta məlumatlara sarsıdıcı zərbə vurmaqdır. Bunun üçün Azərbaycan həqiqətlərini sosial şəbəkələr vasitəsilə fərqli dillərdə dünyaya çatdırmalıyıq”, - məlumatda qeyd olunur.