Günü-gündən tikinti materiallarının qiyməti artsa da, nə hikmətdirsə, sosial şəbəkələrdə əzəmətli, saraya bənzəyən evləri 30-50 min civarında tikib, təhvil verəcəyini söyləyən şirkət reklamlarının sayı azalmır.
Görəsən onlar ev sahibi olmaq istəyən vətəndaşlara normadan 4-5 dəfə aşağı qiymətə ev tikərək humanitar yardım etməyə çalışırlar, yoxsa onlara 3 ballıq zəlzələdə ailə faciəsi yaşatmağı planlayırlar?
Lent.az-a danışan tanınmış memar Cahid Həsənov qeyd edib ki, vətəndaşlar keyfiyyətli və dözümlü ev istəyirlərsə, bu elanlara inanmasınlar:
“Mən özüm də o hesabat aparan zaman bu kimi söhbətləri eşidirəm. Hər kəs deyir ki, sosial şəbəkələrdə 30-40 minə evləri tikib, təhvil verirlər. Siz daha baha qiymət deyirsiniz? Hər dəfə bildirirəm ki, qanuni standartlara görə armatur, sement və digər materialların ümumi qiyməti filan kvadrat ev üçün 100-150 mindir. Reklam olunan 30-40 minə tikilən evlərə istifadə olunan məhsullar isə ya keyfiyyətsizdir, ya sayları azdır. Məsələn, ev üçün 16-lıq armatur tələb olunursa, onlar 12-lik istifadə edirlər, bəlkə də, heç onu da işlətmirlər…
Daş kubiki hörüb, fasadını gözəlləşdirirlərsə, bu o demək deyil ki, hamı o qiymətə iş görməlidir. 100-150 minə başa gələn evi 30-40-50 minə tikib, hələ gözəl də dizayn edirlərsə, yəqin ki, ev tikənlər ya heç nə qazanmırlar, ya da standartlara əməl etmirlər. Fərdi yaşayış evinin layihəsi, hesabatı 5-10 mindir. Necə ola bilər ki, tikintiyə daxil olan vitrinli şüşələr, üzlüklər, pilləkan, məhəccərlər, daxili təmir və dam örtüyü ilə bir yerdə tam təhvil verilsin.
Vətəndaşlar bu kimi elanlara inanmasınlar. Əgər inanıb edirlərsə, o zaman təbii fəlakət zamanı riskləri də gözlərinin önünə gətirsinlər. Bu evlərin təbii fəlakətlərə davamlılığı hesablanmayıb. Təəssüf ki, sifarişçilər bilmir ki, evlər Fövqəladə Hallar Nazirliyinin hansı standartlarına uyğun tikilir. Armaturun uzunluğu, betonun hündürlüyü və s. kimi məqamlardan sifarişçi xəbərdar olmadığı üçün aldanır. Evin təkcə kommunikasiya xətləri 3-5 min aralığındadır. Fikrimcə, bu cür elanlardakı evlər ümumi standartlara cavab vermir, ya da tikinti materialların 30-40 faiz ixtisara salınır. Yekunda bu evlərin texniki baxımdan möhkəmliyinə zəmanət ola bilməz”.