Son 10 ildə Azərbaycanı tərk edənlərin sayı kəskin azalıb
29 iyun 2011 12:02 (UTC +04:00)

Son 10 ildə Azərbaycanı tərk edənlərin sayı kəskin azalıb

Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Bakıda keçirilən “Əmək miqrantlarının sosial müdafiəsi və qloballaşma” mövzusunda seminarda çıxışı zamanı deyib.

S.Müslümov bildirib ki, miqrasiya göstəriciləri arasındakı fərq 10 ildə iki dəfədən çox azalıb. Fond rəhbəri bildirib ki, 2000-ci illərin əvvəllərində ölkədən gedənlərlə ölkəyə gələnlərin sayı arasında fərq birincilərin kəskin üstünlüyündə olsa da, 10 illiyin sonuna doğru bu fərq ölkəyə gələnlərin xeyrinə olub. Belə ki, 2008-2009-cu illərin göstəricilərinə əsasən, Azərbaycana gələnlərin sayı ölkədən gedənlərin sayından 2 min nəfər çox olub.

Fond sədri qeyd edib ki, bu fərq Azərbaycanın iqtisadi və siyasi böhranlarla iç-içə olduğu 1990-94-cü illərdə daha kəskin olub. Onun sözlərinə görə, bu illərdə Azərbaycandan gedən şəxslərin sayı 342 min nəfər olub. Ölkəyə gələnlərin sayı isə 211 min nəfərə çatıb. S.Müslümov deyib ki, miqrasiya rəqəmləri arasındakı bu fərqin əsas səbəbləri iqtisadi göstəricilərlə bağlıdır. Belə ki, ötən əsrin sonlarında Azərbaycan iqtisadi baxımdan əmək miqrantlarını və yerli iş potensiallı şəxsləri cəlb etməsə də, 21-ci əsrin başlanğıcında Azərbaycanın iqtisadi baxımdan güclənməsi burada işləmək istəyən miqrantların axınına da müsbət təsir edib.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar