Cəlilabadda anadangəlmə ürək qüsurunun əməliyyatı canlı görüntüləndi
23 iyun 2011 11:32 (UTC +04:00)

Cəlilabadda anadangəlmə ürək qüsurunun əməliyyatı canlı görüntüləndi

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində regionlar üzrə ilk dəfə olaraq “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” mövzusunda telekörpü ilə canlı konfrans keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in dəstəyi ilə keçirilən növbəti humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək ixtisaslı həkimlərdən ibarət kardiocərrahiyyə briqadası iyunun 20-dən Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarına başlayıb.

ARDNŞ Sosial İnkişaf İdarəsi mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlunun Lent.az-a verdiyi məlumata görə, əməliyyat olunan şəxslər arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar da var.

6 günlük aksiyanın proqramında Cəlilabad MDM-də “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” mövzusunda telekörpü ilə canlı konfrans da yer alır. İyunun 22-də regionlar üzrə ilk dəfə olaraq keçirilən tədbir Dövlət Neft Şirkəti və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Konfrans iştirakçıları Heydər Əliyevin Cəlilabad şəhərindəki xatirə kompleksini ziyarət edərək, onun abidəsi önünə gül dəstələri qoyublar.

Elmi-praktiki toplantıya xaricdən dəvət olunmuş tanınmış mütəxəssislər, eyni zamanda bütün regional Müalicə Diaqnostika Mərkəzlərinin və digər səhiyyə müəssisələrinin həkim-kardioloqları qatılıblar. Konfransda ürək və damar xəstəliklərinin ayrı-ayrı aspektlərdən tədqiqinə dair müxtəlif maraqlı məruzələr təqdim olunub. Konfransın sədri, Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının və MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin (ÜDXM) rəhbəri, tıbb elmləri namizədi Rəşad Mahmudov ürəyin işemik xəstəliyinə ümumi baxış, həmin Mərkəzin kardiocərrahı Abbasəli Abbasəliyev ürəyin işemik xəstəliyində rebaskulizasiyaya göstərişlər, doktor Elnur Azadxanov sabit stenokardiyaların diaqnostikası və müalicəsi mövzusunda öz fikir və mülahizələrini konfrans iştirakçıları ilə bölüşüblər. MNX ÜDXM-nin ürək-damar cərrahiyyəsi bölməsinin müdiri, tibb elmləri namizədi Seymur Musayev asianotik anadangəlmə ürək qüsurları, MNX Şüa-Diaqnostika və İnvaziv Radiologiya üzrə koordinator, doktor Ermanno Mazza sianotik anadangəlmə ürək qüsurları barədə məruzə təqdim ediblər.

Konfrans zamanı açıq ürək əməliyyatının həyata keçirildiyi əməliyyatxanadan görüntülər birbaşa zalda quraşdırılmış monitorlara ötürülüb və konfrans iştirakçıları əməliyyatı icra edən cərrahlarla sual-cavab aparmaq imkanına malik olublar. Bununla da regionda ilk dəfə olaraq anadangəlmə ürək qüsurunun əməliyyatxanadan canlı tədrisi gerçəkləşdirilib. Konfransda doktor Ahmet Memiş damar xəstələrində endovaskulyar müalicə, C.Abdullayev adına Elmi-tədqiqat Kardiologiya İnstitutunun aspirantı Vüsal Məmmədov ürək çatışmazlığı mövzularında çıxış ediblər. Təqdim olunan məruzələrlə bağlı geniş müzakirələr aparıldıqdan sonra elmi-praktiki konfransın iştirakçılarına sertifikat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096

Oxşar yazılar