617 347 pensiyaçının pensiyası indeksləşdiriləcək
16 fevral 2011 13:26 (UTC +04:00)

617 347 pensiyaçının pensiyası indeksləşdiriləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, ümumilikdə artımlar fərqli olacaq. Belə ki, kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı da daha yuxarı olacaq. Onun sözlərinə görə, ümumilikdə, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,4 milyon manat, il ərzində isə 18 milyon manat əlavə vəsait tələb olunacaq. Bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.

Elman Babayev deyib ki, maliyyələşmənin həyata keçirilməsi üçün heç bir problem yoxdur və bu artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın məbləği 114 manata çatacaq.

Xatırladaq ki, 2010-cu ildə bununla belə istehlak qiymətlərinin 5,7 faizlik indeksi qeydə alınıb. Həmin göstəricinin əmək pensiyalarına təsirini aradan qaldırmaq məqsədilə əmək pensiyalarının sığorta hissəsinin həmin həddə indeksləşdirilməsini təmin etmək üçün 2011-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilir. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq.

Elman Babayev bildirib ki, ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli, şəffaf şəkildə bölgüsünə imkan verir. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə, artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilmişdi.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692

Oxşar yazılar