Ramiz Həsənov: “Digər bir qurumun mütləq iştirakı məqsədə uyğun deyil...”
11 fevral 2011 13:22 (UTC +04:00)

Ramiz Həsənov: “Digər bir qurumun mütləq iştirakı məqsədə uyğun deyil...”

“Belə fikirlər irəli sürülür ki, İqtisadi İnkişaf Nazirliyinin əməkdaşının iştirakı olmadan istehsal müəssisələrində dövlət nəzarətini aparmaq olmaz. Malların standartlara uyğunluğunun, istehsalatda cihazların və istehsal prosesinin müəyyən standartlara və etalonlara uyğunluğunun yoxlanılmasının digər bir qurumun mütləq iştirakı ilə həyata keçirilməsi məqsədə uyğun deyil”.


Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov söyləyib.

Standartlaşdırma ilə bağlı qanunvericiliyin və prezident fərmanının müvafiq bəndlərini xatırladan Ramiz Həsənov deyib ki, Dövlət Komitəsinin ildə 2 dəfə müəssisələrdə məhsul və xidmətlərin keyfiyyəti ilə bağlı yoxlama aparmaq hüququ var. Eyni zamanda insan həyatı üçün təhlükəli məhsul və xidmətdən söhbət gedirsə, Dövlət Komitəsinin əməkdaşlarına müəssisəyə sərbəst daxil olmaq hüququ verilib: “Biz istehsal prosesinə yox, istehsal olunmuş məhsulun keyfiyyətinə nəzarət edir, onun nə dərəcədə standartlara cavab verdiyini yoxlayırıq. Bir misal deyim. Tutaq ki, elektrik şəbəkəsinin işçisi abonentin sayğacını yoxlayır. Əgər sayğaca müdaxilə olunubsa, yerində cərimə və sanksiya tətbiq olunur. Bu halda elektrik şəbəkəsinin işçisinin kiminləsə birgə bu prosesdə iştirak etməsinə ehtiyac varmı? Bu, bir müqayisədir. Mən bir daha deyirəm ki, biz istehsal prosesini yox, hazır məhsulun keyfiyyətini yoxlayırıq. Əgər məhsul keyfiyyətli çıxırsa, ona sənəd veririk”.


Ramiz Həsənov Dövlət Komitəsi tərəfindən Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında qanun layihəsinin də hazırlandığını, müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Prezident Administrasiyasına təqdim olunduğunu da nəzərə çatdırıb: “Bu qanunun qəbulundan sonra Dövlət Komitəsinin iş metodu dəyişəcək. Dövlət Komitəsinin əməkdaşları artıq müəssisəyə daxil olmayacaq. Müəssisə özü məhsulunun hansı standarta cavab verdiyi barədə bəyannamə verəcək. Əgər müəssisə yanlış bəyannamə verərsə, məhsulun keyfiyyətsiz olduğu üzə çıxarsa, bu halda dərhal cərimələnəcək, sanksiya tətbiq olunacaq. Yəni məhsulun keyfiyyəti ilə bağlı məsuliyyəti müəssisə öz üzərinə götürmüş olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1153

Oxşar yazılar