Ümumdünya Əqli Mülkiyyət Təşkilatının sədri Azərbaycana gələcək
07 fevral 2011 19:08 (UTC +04:00)

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının sədri Azərbaycana gələcək

Fransanın paytaxtı Parisdə 2-3 fevral tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Fransa Əqli Mülkiyyət İdarəsi tərəfindən təşkil olunmuş kontrafakt və piratçılıqla mübarizə üzrə VI Qlobal Konqres keçirilib.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin sədri Ramiz Həsənov iştirak edib.


Konqres “Əqli mülkiyyətə hörmətin təmin edilməsi - qlobal problemlərin effektli həlli” adı altında keçirilib. Konqresin işində 100-ə yaxın ölkə və beynəlxalq təşkilatdan 800-dək qonaq iştirak edib. Əsas müzakirə mövzuları konrtrafakt və piratçılıqla mübarizə istiqamətində əqli mülkiyyət sahəsinin inkişaf etdirilməsinin zəruriliyi, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, əqli mülkiyyətə hörmət mühitinə yeni yanaşmanın bərqərar olması, korporativ məsuliyyət, internet vasitəsilə ticarətin yaratdığı problemlər olub.


Konqresdən sonra Ramiz Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının sədri Frensis Qarri ilə görüşüb. Frensis Qarri onu Azərbaycana dəvət edən Ramiz Həsənova təşəkkür edib və bu dəvəti böyük məmnuniyyətlə qəbul edib.
Səfər çərçivəsində Ramiz Həsənov Fransa Əqli Mülkiyyət İdarəsinin direktoru İv Lapyer ilə də görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub, bununla bağlı qarşılıqlı hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi təklif edilib. Əsas diqqət coğrafi göstəricilərin, adların mühafizəsi, bu sahədə hüquq pozuntularının qarşısını almaq üçün birgə mübarizə məsələləri olub.


Fevralın 4-də isə Ramiz Həsənov mərkəzi ofisi Paris şəhərində yerləşən Ölçülər və Çəkilər üzrə Beynəlxalq Büronun direktoru Maykl Kühne və Büronun məsul şəxsləri ilə görüş keçirib. Əsas müzakirə mövzusu Azərbaycan Respublikasının milli etalonları və ölçü vahidlərinin beynəlxalq tanınması məqsədilə müvafiq işlərin təşkili, bu sahədə Büronun rəy və təkliflərini əldə etmək olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar