ETSN-in 136 əməkdaşı işdən çıxarılıb
03 fevral 2011 11:14 (UTC +04:00)

ETSN-in 136 əməkdaşı işdən çıxarılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında dörd məsələ - 2010-cu il -“Ekologiya ilində” görülmüş işlər və qarşıda duran vəzifələr, Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı və Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentlərinin və onların tabeli qurumlarının 2010-cu il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.


Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Prezidenti İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühit və ekoloji tarazlığın qorunması ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də ölkəmizdə 2010-cu ilin dövlət başçısı tərəfindən “Ekologiya ili” elan edilməsinin bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunə olduğunu qeyd edib.


Ötən il “Ekologiya ili” çərçivəsində həyata keçirilən ağac əkmə kampaniyasında istər dövlət, istər özəl sektor, istərsə də əhalinin fəal iştirakı nəticəsində əvvəllər ölkədə görünməmiş miqdarda ağac əkininə nail olunub. Təkcə Bakıda və Abşeron yarımadasında prezidentinin çağırışından sonra 2,8 milyondan çox, ümumilikdə respublika ərazisində isə 8 milyondan artıq ağac və kol bitkisi əkilib. Yalnız ağac əkilməsi ilə kifayətlənilməyib, geniş və müasir suvarma şəbəkəsinin qurulması, ağaclara aqrotexniki qulluq sahəsində də böyük işlər görülüb. Kollegiya iclasında yaşıllıq ərazilərinin artırılması, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması, təhlükəli tullantıların idarə olunması, pilot layihələrin həyata keçirilməsi və başqa sahələrdə görülmüş tədbirlər barədə də məlumat verilib. Ötən il ərzində Kür-Araz boyu və digər yaşayış məntəqələrində 76 min əhalisi olan 34 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılıb, daha 29 yaşayış məntəqəsində isə işlər davam etdirilir. Dəniz suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin hazırlanması məqsədilə tender keçirilmiş və qalib şirkət müəyyənləşdirilib. Hazırda müvafiq avadanlığın ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir.


Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2206 akt və 844 protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 863 icrası məcburi olan göstəriş verilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 132, məhkəmələrə 143, məhkəmə icraçılarına 605 iş göndərilib. Qanunu pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq olunan cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinin baxılmamış qalması da iclasda təəssüflə qeyd olunub. İclasda nazirliyin ətraf mühitin mühafizəsi üzrə bəzi regional şöbələrinin rəhbərlərinin vətəndaşlardan daxil olan məktub və müraciətlərə bəzən vaxtında cavab vermədikləri, qanun pozucularına qarşı tətbiq olunan cərimə və iddiaların ödətdirilməsinə ciddi yanaşmadıqları və ümumiyyətlə, vəzifə borclarına laqeyd münasibət göstərdikləri də vurğulanıb.


Bundan əlavə, meşələrin artırılması sahəsində ötən il ərzində 10696 hektar sahədə meşə-bərpa tədbirləri, o cümlədən 3521 hektar sahədə meşə əkini və səpini işlərinin həyata keçirildiyi, meşə əkinlərinin becərilməsi məqsədilə 32328 hektar sahədə xidmət, 31944 hektar sahədə suvarma işlərinin aparıldığı, müxtəlif ağac və kol cinslərindən 159452 kiloqram toxum və müəssisələr üzrə 38681 m3 həcmində oduncaq tədarük edildiyi nəzərə çatdırılıb. İl ərzində, ümumilikdə 49,97 hektar meşə fondu ərazisində yanğın hadisəsi qeydə alınıb, yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib. Kollegiya iclasında meşələrin mühafizəsi və bərpası sahəsində görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və problemlərdən də danışılıb.
Bəzi Meşə Mühafizəsi və Bərpası Müəssisələrində (MMBM) bitiş faizi orta respublika göstəricisindən yuxarı olsa da, bir neçə müəssisədə isə bu göstərici xeyli aşağı olub.


2010-cu il ərzində MMBM-lərdə aparılan yoxlamalar zamanı 245813 manat kökü üstə nırx dəyərində 34 min 483 m3 həcmində 61 min 637 ədəd ağacın qanunsuz kəsildiyi aktlaşdırılıb. Keçən il ərzində meşələrin mühafizəsi sahəsində hüquq-mühafizə orqanlarına göndərilmiş 363 işdən cəmi 199 işə baxılması təmin edilib.


2010-cu ilin sentyabr-oktyabr aylarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vətəndaşlar tərəfindən bəzi yerlərdə meşələrin qırılması barədə daxil olmuş şikayətlərə əsasən Meşə Mühafizəsi və Bərpası Müəssisələrində kompleks yoxlamalar aparılıb və qanun pozuntularına yol verdiklərinə görə 136 nəfər tutduğu vəzifədən azad edilib, 175 nəfərə töhmət, 68 nəfərə isə şiddətli töhmət verilib.


Bundan başqa, iclasda xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirildiyi də vurğulanıb. Bunun nəticəsində hazırda ölkəmizdə ümumi sahəsi 890 026,2 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir. Ötən ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilib. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması istiqamətində artıq layihə üzrə master planın və texniki şərtlərin hazırlanması üzərində işlərin yekunlaşma mərhələsində olduğu da bildirilib.


İclasda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə nəticəsində artıq ceyranların tarixi areallarından olan Qobustan, Acınohur, Ağgöl ərazilərinə ceyran fərdlərinin köçürüldüyü, 2010-cu ilin yayında Ağgöl Milli Parkında onların təbii artımının müşahidə olunduğu, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın ceyranların tarixən məskunlaşdığı yerlərdən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün (21 baş) buraxılması prosesini izlədikləri nəzərə çatdırılıb.
Xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 679 akt, 242 protokol tərtib edilib, təbiətə 65 min 4,68 manat dəyərində ziyan hesablanıb. İnzibati qaydada 164381 manat cərimə tətbiq edilinb, 19 iş baxılması üçün hüquq-mühafizə orqanlarına (polis şöbələrinə), 84 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilib.


Bütün bunlarla yanaşı, iclasda 2010-cu ildə ətraf mühitin mühafizəsi sahəsində əldə olunan nailiyyətlər, görülmüş müsbət işlərlə bərabər, bir sıra nöqsan və çatışmazlıqların olduğu da qeyd olunub. Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün Departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin, Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin və Milli Parkların rəhbərləri tutduqları vəzifədən azad olunub, bir neçə rəhbər işçilərə töhmət verilib, xəbərdarlıq edilib, vəzifəyə uyğun olub-olmamasının araşdırılması tapşırılıb.


İclasın sonunda növbəti illər üçün prioritetlər müəyyənləşdirilib. Abşeron yarımadasında neft məhsulları və digər zərərli maddələrlə çirklənmiş ərazilərin bərpası və yeni yaşıllıqların salınması, avtomobil yolları boyu ətraf ərazilərin yaşıllaşdırılması, təmizlənmiş tullantı sularından yaşıllıqların suvarılmasında təkrar istifadə, regionların ekoloji cəhətdən içməli su ilə təminatı, Xəzər dənizinin çirklənmədən qorunması, tullantıların idarə olunması, dəniz suyunun duzsuzlaşdırılması və alternativ enerji mənbələrindən istifadə növbəti prioritet hədəf kimi götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar