Poçt tariflərinin artırılmasına aydınlıq gətirildi
02 fevral 2011 18:07 (UTC +04:00)

Poçt tariflərinin artırılmasına aydınlıq gətirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin göstərdiyi universal poçt xidmətlərinin (UPX) əvvəlki tarifləri Tarif (qiymət) Şurası tərəfindən 2002-ci ilin oktyabr ayında təsdiq edilib.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, son illərdə UPX üzrə mövcud tariflərin maya dəyərindən xeyli aşağı olması ilə bağlı yaranmış uyğunsuzluqlar bu xidmətlərin “Azərpoçt” MMC-yə zərərlə başa gəlməsinə və nəticədə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin təşkilində ciddi maneələrin meydana çıxmasına səbəb olub.


Uyğunsuzluqların aradan qaldırılması və eyni zamanda bu sahədə Ümumdünya Poçt İttifaqının (ÜPİ) mövcud tələb və tövsiyələrinin yerinə yetirilməsi məqsədilə “Azərpoçt” MMC tərəfindən UPX üçün yeni tarif paketi hazırlanaraq ötən ilin əvvəlində Tarif (qiymət) Şurasına təqdim olunub, Tarif (qiymət) Şurasının 31 yanvar tarixli 2 nömrəli qərarı ilə universal poçt xidmətlərinin yeni tarifləri təsdiq edilib. Yeni tariflərin əvvəlki ilə müqayisədə fərqi texniki, qruplaşdırma və struktur xarakterli dəyişikliklərin aparılmasındadır. Ayrı-ayrı xidmətlər üzrə tariflərin strukturu bu sahədə ÜPİ-nin yeni tələb və tövsiyələrinə uyğunlaşdırılıb.


Məsələn, bütün növ məktub korrespondensiyası üzrə yeni (50 qr) çəki kateqoriyası daxil edilib, daxili göndərişlər üçün qiymət intervalı azaldılıb, beynəlxalq avia məktub korrespondensiyası üçün əlavə aviadaşıma haqqı ləğv edilərək, ayrıca aviatariflər tətbiq edilib, beynəlxalq bağlamalarda ölkələr üzrə qruplar ləğv edilərək hər bir ölkə üçün ayrı-ayrılıqda tarif müəyyən olunub. Aparılmış dəyişikliklər nəticəsində yeni tariflərdə əvvəlki ilə müqayisədə bir sıra xidmətlər üzrə bəzi çəkilərdə artımlar olub, bəzi hallarda əvvəlki tariflərə uyğun, bəzi hallarda isə aşağı tariflər qeydə alınıb. Yeni tariflər həm də region üzrə mövcud olan orta tariflərə uyğunlaşdırılıb.


ÜPİ tərəfindən qoyulmuş əsas tələblərdən biri də daxili məktub tariflərinin beynəlxalq qaydalara uyğun tənzimlənməsidir ki, bu da yeni tariflərdə qismən nəzərə alınıb. 2012-ci ildən etibarən daxil olan beynəlxalq poçtun çatdırılmasına görə xarici ölkələrlə qarşılıqlı hesablaşmaların aparılması üçün tətbiq ediləcək beynəlxalq tarif hər bir ölkənin daxili məktub tarifi əsasında ÜPİ tərəfindən təyin ediləcək. Qarşılıqlı hesablaşmalarda daxili tarifin aşağı olması xarici ölkələrin yaranacaq gəlir itkisinə yol verməmək üçün daxili məktub tariflərinin maya dəyərinə uyğunlaşdırılması ÜPİ tərəfindən vacib məsələ kimi qarşıya qoyulub.


UPX üzrə tarif tənzimlənməsini zəruri edən əsas səbəblərdən biri də beynəlxalq poçtun daşınma və təyinat ölkələrində çatdırma xərclərinin mütəmadi olaraq dəyişməsi ilə bağlıdır. Son illərdə daşıma və çatdırma xərclərində ümumilikdə artım tendensiyası müşahidə olunsa da, zərurətlə bağlı daşınma istiqamətlərinin dəyişdirilməsi bu xərclərin də azalıb-artmasına səbəb olur. Digər tərəfdən ayrı-ayrı təyinat ölkələrinin daxilində çatdırma xərcləri dəyişdiyindən ÜPİ tərəfindən ildə 2 dəfə müvafiq tariflərə baxılaraq, artım və ya azalma istiqamətində tənzimlənir. Məhz bu və digər səbəblərdən beynəlxalq poçt xidmətlərində çevik tarif siyasətinin aparılması vacib əhəmiyyət kəsb edir. UPX üzrə yeni tariflərin tətbiqi həm də xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək.


Yeni tariflərlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi portalının (www.mincom.gov.az) tariflər bölməsində tanış olmaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286

Oxşar yazılar