Akademiyanın tədbirlər planına dəyişiklik ediləcək
02 fevral 2011 15:22 (UTC +04:00)

Akademiyanın tədbirlər planına dəyişiklik ediləcək

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncamla bağlı məlumat verib.

O bildirib ki, sərəncamda müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolu, qazanılan parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədi ilə həmin illəri əhatə edən fundamental xarakter daşıyan elm tutumlu məqalələrin dərc edilməsi və tədbirlərin keçirilməsi AMEA bölmələri qarşısında bir vəzifə kimi qoyulur. Akademik sərəncamla əlaqədar AMEA Rəyasəti Heyətinin “2011-2012-ci illərdə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlərin planı haqqında” qərarda əlavə və dəyişikliklərin edilməsinin zəruri olduğunu söyləyib.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2010-cu ildəki fəaliyyətinin yekunları haqqında məruzə ilə çıxış edən akademik Tofiq Nağıyev qeyd edib ki, hesabat ilində “Azərbaycan Milli Ensiklopediyası”nın “A” və “B” hərflərinə aid olan ikinci, üçüncü və dördüncü cildləri üzərində işlər aparılıb. “A” hərfinə aid olan ikinci cildin kitabxanalar üçün nəzərdə tutulmuş variantının Azərbaycanda “Şərq-Qərb” nəşriyyatı tərəfindən, abunə variantının isə Almaniyada nəşr olunması qərara alınıb. O, hesabat ilində ikinci cildə daxil olan “A” hərfi üzrə sözlüyün son variantının tərtibatının tamamlandığını, 2652 termini əhatə edən 3458 məqalənin çapa hazırlandığını nəzərə çatdırıb.

Universal ensiklopediyanın növbəti cildləri üzərində iş aparılır. Gələcəkdə Milli Ensiklopediyanın hazırlanmasında ayrı-ayrı sahələri əhatə edən ümumi sözlüklər müasir dövrün tələblərinə müvafiq işlənib və nəşr edilmək üçün təqdim olunub. O qeyd edib ki, Milli Ensiklopediyanın xüsusi buraxılışının rus dilində nəşri zamanı müəllif məqalələrinin rus dilinə tərcüməsində müəyyən problemlər mövcuddur.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı AMEA RH-nin qərarı ilə təsdiq edilərək AMEA-nın illik hesabatına daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar