“Quş qripi” ilə bağlı növbəti monitorinq başlandı
31 yanvar 2011 15:44 (UTC +04:00)

“Quş qripi” ilə bağlı növbəti monitorinq başlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” ilə bağlı növbəti monitorinqə start verib. Bu gündən başlanan monitorinq DBX, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirlikləri və “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent.az-a bildirib ki, bu nəzarəti tədbiri köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə aparılacaq. Həmçinin monitorinq müddətində ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan quşlardan nümunələrin götürülməsi nəzərdə tutulur.

Yolçu Xanvəli deyib ki, köçəri və ev quşlarından götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr fevralın 11-də ictimaiyyət üçün açıqlanacaq. DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvan və quşlar arasında hər hansı narahatçılıq hiss etdikləri anda yerli baytarlıq məntəqələrinə, idarələrinə, eləcə də xidmətin “Qaynar xətt”inə (Tel: 563-50-06) müraciət etsinlər. Heyvan və quşlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər.

Xatırladaq ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində diri quşların, quş əti və məhsullarının satışı qadağandır. Ticarət üçün xüsusi ayrılmış yerlərdə (bazarlarda, yarmarkalarda) dövlət baytarlıq orqanlarında uçotda olan baytarlıq nəzarəti obyektlərindən baytarlıq normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizasından keçirilmiş və müvafiq baytarlıq sənədlər ilə müşayiət edilən quş əti və onun məhsulları istisna olunur.

DBX-də bildirirlər ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar