Əmlak Məsələləri Dövlət Komitəsində 15 nəfər işdən çıxarılıb
31 yanvar 2011 15:38 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsində 15 nəfər işdən çıxarılıb

Ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. İclasda verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) operativ müşavirə keçirilib.


«APA-ECONOMICS»in məlumatına görə, müşavirədə çıxış edən ƏDMK-nin sədri Kərəm Həsənov qeyd edib ki, Komitənin fəaliyyətində uğurların əldə edilməsi ilə yanaşı dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahələrində bir sıra çatışmazlıqlar və neqativ hallara rast gəlinir.


Komitə sədri bu nöqsanların aradan qaldırılması ilə bağlı bir sıra tapşırıq və göstərişlər verib. Tapşırıqlara əsasən, şəffaflığın və səmərəliliyin daha da artırılması məqsədi ilə daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin aparılması sahələrində qanunvericilik təkmilləşdirilməlidir. Bununla bağlı yeni normativ hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulur. Müşavirədə yeni özəlləşdirmə mexanizmlərinin səmərəli tətbiq edilməsi, özəlləşdirmədə şəffaflığın daha da artırılması vacib sayılıb.


Bundan əlavə, şəffaflığın artırılması və mənfi halların qarşısının alınması üçün daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurlar və sənədləşdirilmələrin sadələşdirilməsi, lüzumsuz sənədlərin tələb edilməməsi və təkrarçılığa yol verilməməsi, qeydiyyat prosedurlarına sərf edilən müddətin azaldılması barədə tapşırıqlar verilib.


Digər tapşırığa əsasən, ərazi qeydiyyat idarələrinin fəaliyyətinə ciddi nəzarət olunması, onların hesabatlılığı və fəaliyyətlərinə səmərəli nəzarətin inkişafı nəzərdə tutulur.


Müşavirədə qeyd olunub ki, dövlət əmlakından istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində nəzarətin səmərəliliyi artırılmalı, bu sahədə korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizə gücləndirilməlidir.


Eyni zamanda, komitənin fəaliyyət sahələri üzrə rüsum, xidmət haqqı və icarə haqlarının yığılması işinin daha da təkmilləşdirilməsi, bu sahələrdə nağd ödənişlərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.


Müşavirədə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı komitəyə və qurumlara daxil olan müraciətlərə, ərizə və şikayətlərə baxılmasında operativliyin artırılması, süründürməçiliyin qarşısının alınması barədə tapşırıqlar verilib. Toplantıda ictimaiyyətlə əlaqələr və qaynar xətlərin fəaliyyətinin gücləndirilməsi, eləcə də ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsi qərara alınıb.


Qeyd edilib ki, fəaliyyətlərində neqativ hallara yol vermiş 15 nəfər işdən azad edilib, 40-a yaxın işçiyə qarşı ciddi tənbeh tədbirləri görülüb. Tədbirdə neqativ hallara, korrupsiya ilə əlaqədar hüquqpozmalara və bu sahədə nöqsanlara yol vermiş işçilərə qarşı ciddi tədbirlərin görüləcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar