Məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib
27 yanvar 2011 16:03 (UTC +04:00)

Məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Lent.az-ın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məhkəmə sisteminin müasirləşdirilməsi üzrə islahatların aparıldığını vurğulayıb.

Bildirilib ki, ölkəmizdə iqtisadi inkişafın geniş vüsət alması, yeni iqtisadi münasibətlərin formalaşması və mülki dövriyyənin sürətlə artması məhkəməyə müraciətlərin sayının da dəfələrlə çoxalmasına səbəb olub, 1999-cu illə müqayisədə mülki mübahisələrin sayı 6 dəfə artıb. Təkcə 2010-cu ildə mülki işlər üzrə məhkəmələrə müraciətlərin sayı 15%, iqtisadi mübahisələr üzrə isə 30 %-dək çoxalıb.


Yeni regional apellyasiya və digər məhkəmələr yaradılıb, hakim korpusunun ən şəffaf və obyektiv prosedurlarla formalaşdırılması üçün yeni qaydalar tətbiq olunub, iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayı 2 dəfə artırılıb, habelə hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
Əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələr təsis edilib, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələr yaradılıb, hərbi məhkəmə sisteminin təkmilləşdirilib.


Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilib. O cümlədən əhatəli təhlillər aparılaraq hakimlərin ştat sayı və məhkəmə aparatlarının strukturu müəyyən olunub, yeni inzibati binalar ayrılaraq, əsaslı təmir-tikinti işləri aparılmaqla məhkəmə fəaliyyətinə uyğunlaşdırılıb. Prezidentinin sərəncamları ilə həmin məhkəmələr yüksək hazırlıqlı hakimlər hesabına komplektləşdirilib və cari ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlayıb.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə ötən il 8 hakim Ali Məhkəməyə, 34 hakim isə apellyasiya məhkəmələrinə irəli çəkilib, 18 hakimin səlahiyyətlərinə xitam verilib. Hakimlərin 7-nin işində olan nöqsan və çatışmazlıqlara görə onların səlahiyyətlərinə xitam verilib.



Seçim mərhələlərini uğurla başa vurmuş 78 nəfər hakimliyə namizəd ötən il dövlət başçısının sərəncamları ilə hakim vəzifələrinə təyin ediliblər. Görülmüş tədbirlər nəticəsində hakim korpusunda mövcud olan vakansiyaların tam əksəriyyəti komplektləşdirilib, işlərə daha keyfiyyətlə baxılması və süründürməçilik hallarının qarşısının alınması məqsədilə hakimlərin iş yükü xeyli azalıb. Yeni qaydalarla seçilib təyin edilmiş hakimlərin sayı 235 nəfərə çatıb. Başqa sözlə onlar bütün mövcud hakim korpusunun yarısını, Bakı şəhəri və inzibati-iqtisadi məhkəmələr üzrə isə 80 faizini təşkil edib.


Bununla belə, hakim kadrlarına ehtiyac nəzərə alınaraq ötən ilin dekabr ayında hakimliyə namizədlərin növbəti seçim prosesinə başlanılıb. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlər tərəfindən yol verilən kobud nöqsan və qanun pozuntularının aradan qaldırılması diqqət mərkəzində saxlanılıb. Ötən il 21 hakim intizam məsuliyyətinə cəlb edilib, 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 nəfərin iş yeri dəyişdirilib, habelə töhmət və digər intizam tənbehləri verilib.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla və Ədliyyə Akademiyası ilə əməkdaşlıq şəraitində 20-dək ixtisasartırma kursu, habelə digər tədris tədbirləri təşkil edilib, 260-a qədər hakim davamlı tədris kurslarında iştirak edib.


İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda duran vəzifələr qeyd olunmuş, fəaliyyətin səmərəliliyinin artırılması üzrə əlavə tədbirlər müzakirə edilib. Şurada qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına və digər neqativ hallara yol verdiyinə görə İmişli rayon məhkəməsinin hakimi Qubadəli Rzayevin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib. İnsan haqlarının pozulması, süründürməçilik və digər qanun pozuntularına yol vermələri ilə bağlı 7 hakim barədə intizam icraatları başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346

Oxşar yazılar