Magistraturaya 1151 nəfər sənəd verib
26 yanvar 2011 15:21 (UTC +04:00)

Magistraturaya 1151 nəfər sənəd verib

Dünən və bu gün günün birinci yarısı ərzində 1151 bakalavr ali məktəblərin magistratura pilləsinə sənəd verib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a bildirib ki, bu gün saat 14.30-a olan məlumata əsasən, sənəd vermiş 1151 bakalavrdan 812-si öz sənədlərini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirib. Sənədlərini təsdiq etdirən bakalavrlardan 748-i Azərbaycan, 64-ü isə rus bölməsində magistr təhsili almaq arzusundadır.

Elnur Nağızadə deyib ki, 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizələrin qəbulu yanvarın 25-dən başlayıb və fevralın 7-dək (bazar günü istisna olmaqla) davam edəcək. Qəbul prosesində iştirak etmək üçün bakalavrlar "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə komissiyasının müvafiq internet səhifəsinə daxil olmalı və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurmalıdır.

Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün fevralın 7-dək “TQDK-nın ödəmə kartı”nı və tələb olunan sənədləri sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməlidirlər. Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər. Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirirlər.

Xatırladaq ki, ötən il ali məktəblərin magistratura pilləsinə 15353 bakalavr (2009-cu ildə 15 179) ərizə vermişdi. Mayın 2-də keçirilən birinci mərhələ üzrə imtahandan uğur qazanan 6863 bakalavr ikinci mərhələyə buraxılmışdı. Ötən il magistraturaya qəbul planı isə 5242 olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar