Attestat balı nəzərə alınsınmı?
25 yanvar 2011 15:00 (UTC +04:00)

Attestat balı nəzərə alınsınmı?

“Attestat balı yüksək olan abituriyentlərin qəbul imtahanlarında göstərdiyi nəticələr bizi qane etmir”.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransında belə deyib. O qeyd edib ki, attestat qiymətləri “5” olan abituriyentlərin 63 faizdən çoxunun imtahanda yüksək bal toplaya bilməməsi müsabiqə vəziyyəti zamanı müəyyən çətinliklər yaradır: “Ona görə də müsabiqə vəziyyətində eyni bal toplayan abituriyentlər arasında üstünlüyün attestat balı yüksək olana verilməsi heç də həmişə doğru olmur”.

TQDK sədri onu da qeyd edib ki, hələ də orta attestat qiymətləri 4-5 arasında olan abituriyentlərin 20,49 faizi qəbul imtahanlarında 0-200 bal arasında nəticə göstərir. Onun sözlərinə görə, bəzən təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlərin digər pilləyə keçid zamanı nəzərə alınması ilə bağlı təkliflər verilir.

“Əlbəttə, obyektiv qiymətləndirmə aparılsa, bu təklif təhsildə müəyyən həvəsləndirmə metodu kimi tətbiq oluna bilər. Ancaq indiki halda attestat qiymətləri qəbul zamanı nəzərə alınsa, orta məktəbi “5”lə bitirən “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb ali məktəblərinə qəbul ola bilərlər. Həm də kim zəmanət verə bilər ki, bu addım subyektivliyə bir qədər də rəvac verməyəcək?! Ona görə də biz məktəb və qəbul göstəriciləri arasında yüksək uyğunluq olmayanadək attestat qiymətlərini qəbulda əlavə üstünlük kimi nəzərə alınmasının tərəfdarı deyilik” – deyə, Məleykə Abbaszadə bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225

Oxşar yazılar