“Şəhər telefonları üçün limit tətbiq edilərkən, mediaya güzəştlər nəzərdə tutulsun!”
25 yanvar 2011 13:53 (UTC +04:00)

“Şəhər telefonları üçün limit tətbiq edilərkən, mediaya güzəştlər nəzərdə tutulsun!”

Bakı şəhərində stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sistemi tətbiq etməyə hazırlaşan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hazırladığı layihədə abunəçilərə ayda 450 dəqiqə pulsuz vaxtın verilməsi, bundan sonrakı hər dəqiqə üçün danışıq haqqının hesablanması təklif olunur.

Ümid Partiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məsələ Ümid Partiyasının İqtisadi Siyasət Komissiyasında geniş müzakirə olunub.

Həyata keçirilməsi nəzərdə tutulan islahatlarla bağlı aparılan müzakirələr zamanı bu islahatlardan daha çox əhalinin aztəminatlı təbəqəsinin əziyyət çəkəcəyi qənaətinə gəlinib. Ümid Partiyasının İqtisadi siyasət komissiyasının adından yayılan açıqlamada qeyd olunur ki, stasionar telefon rabitəsindən istifadəyə görə tətbiq ediləcək limit ilk növbədə ölkədə kiçik sahibkarlığın daha da ağır duruma düşməsinə səbəb olacaq.

Açıqlamada vurğulanır ki, xüsusilə də işini stasionar rabitə üzərində quran və bununla da kiçik gəlirlər əldə edən sahibkarlıq subyektlərinin işi iflic olacaq: “Bu islahatlar nəticəsində daha çox əziyyət çəkən strukturlar isə media institutları olacaq. Ağır iqtisadi şərtlər altında fəaliyyət göstərən yazılı media orqanlarının vəziyyəti bir qədər də ağırlaşacaq. Biz bu islahatları həyata keçirməyə hazırlaşan Azərbaycan hökumətindən tələb edirik ki, stasionar telefonlara limit tətbiq edildiyi təqdirdə əhalinin aztəminatlı təbəqəsi, o cümlədən də kiçik sahibkarlıq subyektləri üçün, xüsusilə də mətbuat orqanları üçün müəyyən güzəştlər nəzərdə tutulsun”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar