“Normativ-hüquqi aktların antikorrupsion ekspertizası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib
25 yanvar 2011 12:53 (UTC +04:00)

“Normativ-hüquqi aktların antikorrupsion ekspertizası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev dünya təcrübəsində korrupsiyaya qarşı mübarizə məqsədilə yeni alətlərin işlənib-hazırlandığını bildirib.

Ə.Nuriyevin sözlərinə görə, bu alətlər arasında ən böyük səmərə və effektə malik alət normativ-hüquqi aktların və qanun layihələrinin antikorrupsion ekspertizasıdır: “Azərbaycan prezidentinin sərəncamı ilə qəbul edilmiş şəffaflığın artırılması və korrupsiya ilə mübarizə üzrə milli strategiya, onun həyata keçirilməsi ilə bağlı fəaliyyət planında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə normativ-hüquqi aktların və onların layihələrinin korrupsiyaya qarşı mübarizə nöqteyi-nəzərindən müvafiq ekspertizasının həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycan prezidentinin dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında fərmanının 9-cu bəndində Prezident Administrasiyasına bir ay müddətində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ-hüquqi aktların ekspertizasının aparılma qaydası haqqında müvafiq layihəni təqdim etmək tapşırılıb”.

Hüquqşünas Qulamhüseyn Əlibəyli isə bildirib ki, “Antikorrupsion ekspertiza haqqında” qanun layihəsinin hazırlanması çərçivəsində normativ-hüquqi aktların antikorrupsion ekspertizası haqqında qanun layihəsi hazırlanıb. Onun sözlərinə görə, qanun layihəsində antikorrupsion ekspertiza mərkəzinin yaradılması nəzərdə tutulub. Bu mərkəz hüquq sahəsində fəaliyyət göstərən elmi idarələrin, təhsil müəssisələrinin, vəkillərin, vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət tərkibdə yaradılması məqsədəuyğun sayılıb. Q.Əlibəyli deyib ki, antikorrupsion ekspertiza mərkəzi qanun layihələrinə qanunverici orqanda müzakirəyə çıxarılmamışdan öncə rəy verəcəklər. Həmin rəyə əsasən, qanunda antikorrupsiya kapsionogen halların olub-olmadığı müəyyənləşəcək. Ekspert mərkəzi bu qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılıb-çıxarılmamalı olduğunu müəyyən edəcək.

BAXCP sədri Qüdrət Həsənquliyev qanun layihəsində ekspert rəyi ilə qanunun müzakirədən çıxarılması bəndi ilə razılaşmadığını vurğulayıb. O bildirib ki, hər hansı ekspert, məsələn, ali məktəbi dünən qurtarmış hüquqşünas bir neçə millət vəkilinin hazırladığı qanun layihəsinə rəy verib müzakirədən çıxarsa, bu, düzgün olmaz. Ekspert yalnız rəy verə bilər.

Daha sonra Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov isə söyləyib ki, Azərbaycanda qanunları hazırlayarkən, orada hansı korrupsiya hallarının olduğunu və bundan necə gəlir əldə etməyin mümkünlüyünü bilirlər. Onun fikrincə, belə halların aradan qaldırılması üçün bu formada qanunverici aktların qəbuluna ehtiyac var.

Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar