Oğuz suyunun keyfiyyəti yoxlanılır – EKSKLÜZİV
24 yanvar 2011 17:45 (UTC +04:00)

Oğuz suyunun keyfiyyəti yoxlanılır – EKSKLÜZİV

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta gələn içməli suyun keyfiyyəti ilə bağlı yoxlamalara başlayıb. Artıq kəmər vasitəsilə gələn suya ilk baxış keçirilib və ilkin müşahidələr müsbətdir.


Mərkəzin kommunal gigiyenası bölməsinin müdiri Leyla Tağızadə Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı kəmərinin tikintisi zamanı da suyun keyfiyyəti analiz olunub: “Biz bir neçə gün əvvəl Oğuzdan gələn suyun tərkibinə baxdıq. Bu kəmər hələ təzədir, 190 su qurğusundan girişdə və çıxışda nümunələr götürülüb və suyun keyfiyyəti çox gözəldir”.


Leyla Tağızadə bildirib ki, hazırda bu kəmər vasitəsilə Bakının Yasamal və Binəqədi rayonlarına içməli su verilir. Onun sözlərinə görə, artıq həmin ərazilərdən də suyun keyfiyyətinin analiz edilməsi üçün nümunələr götürülüb: “Analiz zamanı müayinə edəcəyik ki, suda çirklənmə olur, ya olmur. Bu yoxlamalar həm mənbədə, həm yolda, həm də şəhərdə götürülür. Su nümunələri xüsusi soyuducularda bizim laboratoriyaya gətirilir, burada həmin nümunələr sanitar-kimyəvi, sanitar-bakterioloji müayinələrdən keçirilir”.


Bundan başqa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları hər ay həm Ceyranbatan Su Anbarında, həm də Kürdə analizlər aparır. Leyla Tağızadə bildirib ki, hazırda Oğuz-Qəbələ-Bakı su kəməri buraxılış mərhələsindədir. Onun sözlərinə görə, layihə gücünə əsasən, bu kəmər vasitəsilə Bakıya saniyədə 5 kubmetr su gəlməlidir.

“Bir neçə gün əvvəl bu göstərici saniyədə 2, son bir neçə gündə isə 3 kubmetrə çatıb. Hazırda biz suları yoxlayırıq, hər halda, Oğuzdan öz gücü ilə çox gözəl və təmiz su gəlir. Fevral ayında isə artıq biləcəyik ki, Oğuzun suyu Bakı əhalisinə necə çatdırılır? Hələlik laborator müayinələr davam edir və proses yanvarın sonlarınadək davam edəcək” - deyə, Leyla Tağızadə əlavə edib.

Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə əlaqədar Kürün suyu anbarlardan götürülüb. Əvəzində isə həmin anbarlara Oğuzdan gələn su buraxılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755

Oxşar yazılar