Region kanallarında MSŞT-dən bəhs olunub
24 yanvar 2011 17:10 (UTC +04:00)

Region kanallarında MSŞT-dən bəhs olunub

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə QHT Koalisiyasının MSŞT mövzusunda verilişlərin region televiziyalarda yayımlanması prosesi artıq başa çatıb.


Koalisiyanın informasiya departamentindən Lent.az-a verilən məlumata görə, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəklədiyi bu layihə üzrə çəkilişlər KANAL13 İnternet Televiziyasının studiyasında aparılıb. Verilişdə Koalisiya Şurasının üzvləri Qubad İbadoğlu, Əliməmməd Nuriyev, layihənin kordinatoru Oqtay Gülalıyev və Koalisiya üzvü Azər Mehdiyev iştirak edib. Proqramda mədən sənayesində şəffaflıq təşəbbüsünün meydana çıxma zərurəti, prosesin gedişatı, Koalisiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək perspektivlər barədə geniş müzakirələr aparılıb. Həmçinin neft gəlirlərinə ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətindən bəhs olunub.


Koalisiya üzvü Sevil Allahverdiyeva bildirib ki, həmin veriliş 5 region kanalında nümayiş olunub. İlk veriliş ötən il dekabrın 19-da Sumqayıtın “Dünya” telekanalında nümayiş etdirilib. Bir gün sonra isə Qubanın “Xəzər” TV-də, dekabrın 28-də Mingəçevir və Zaqatala rayonlarında MSŞT mövzusundan bəhs olunub. Nəhayət, sonuncu veriliş 2011-ci il yanvarın 4-də Gəncənin “Kəpəz” kanalında efirə verilib.

Sevil Allahverdiyeva deyib ki, MSŞT mövzusunu əhatə edən verilişlərin region kanallarında yayımlanması əhalinin şəffaflıq təşəbbüsü barədə bilgilərinin artmasına və neft gəlirlərinə ictimai nəzarətin güclənməsinə səbəb olacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar