Kürdə su azalır
24 yanvar 2011 10:34 (UTC +04:00)

Kürdə su azalır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvar ayının II ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının I ongünlüyünə nisbətən 2 m3/san azalaraq 124 m3/san təşkil edib.


Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində və Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.


Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 73 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevəndə fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,75-6,82 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar