Gənc Tamaşaçılar Teatrında şəhidlərin anım günü keçirilib
18 yanvar 2011 16:58 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrında şəhidlərin anım günü keçirilib

Lent.az-ın məlumatına görə, teatrın, Dünya Azərbaycanlıları Konqresinin və “Bura Vətəndir” məclisinin birgə layihəsi əsasında baş tutan tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsinə həsr olunub.

Dövlət Himninin səsləndirilməsindən sonra tədbirdə 20 yanvar hadisələrini əks etdirən qısametrajlı film nümayiş etdirilib.

Teatrın direktoru Mübariz Həmidov, teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, Dünya Azərbaycanlıları Konqresinin fəxri prezidenti, İngiltərənin Edinburq Universitetinin professoru Qulam Rza Səbri Təbrizi, konqresin həmsədri Paşa Qəlbinur çıxış edərək xalqımızın tarixinə qanla yazılmış 20 yanvar günündə canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını diqqətə çatdırıblar.

Fəlsəfə elmləri doktoru, “Məlhəm” Qadınlar İctimai birliyinin sədri, şair-publisist Xədicə İskəndərli, filologiya elmi üzrə fəlsəfə doktoru, şair, şəhid xanımı Arzu Nehrəmli, Dünya Azərbaycanlıları Yazarlar Qurumunun rəhbəri Sayman Aruz, Qarabağ Müharibəsi iştirakçısı, milis mayoru, şair Aidə Şirinova, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova və digərləri çıxış edərək şəhidlərə həsr olunmuş şeirlər və bayatılar səsləndiriblər.

Şövkət İmaminin Gültəkin Əsgərovaya həsr olunmuş “Zirvələr fatehi… Gültəkin” poemasından bir parça teatrın aktyorları Sona Babayeva, Güşvər Şərifova, Anar Seyfullayev tərəfindən ifa olunub.

Rəsmi hissədən sonra teatrın böyük səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası göstərilib. İlk məhəbbət haqqında iki hissəli lirik dramın yeni səhnə redaksiyasının müəllifi və quruluşçu rejissoru Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurdjidze, rejissor assistenti Nofəl Vəliyevdir. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzə Ağa Mirzəyevdir. 20 yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tamaşada rolları əməkdar artist Rafiq Hüseynov, Rahib Əliyev Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzə Ağa Mirzəyev və başqaları iştirak edir.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar