BDU Ankara Universiteti ilə memorandum imzaladı - FOTO
18 yanvar 2011 16:32 (UTC +04:00)

BDU Ankara Universiteti ilə memorandum imzaladı - FOTO

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BDU-nun mətbuat və informasiya şöbəsindən Lent.az-a bildiriblər ki, görüşdə Abel Məhərrəmov BDU-nun Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən danışıb. Rektor BDU və Ankara Universiteti arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və digər məsələlərdən də bəhs edib. O qeyd edib ki, Ankara Universitetinin prorektoru Arqun Karacabəy, hüquq fakültəsinin dekanı Mustafa Ağqaya bir müddət öncə BDU-da olublar. Onlar burada hüquq fakültəsinin diplomlarının qardaş ölkədə tanınması istiqamətində müzakirələr aparıblar.

Professor, doktor Cemal Taluğ isə hər zaman BDU rektoru tərəfindən sıcaq münasibət gördüyünü deyib. O bildirib ki, Ankara Universiteti hüquq, türk dili və ədəbiyyatı ixtisasları üzrə ikili diplomların verilməsinə tərəfdardır.

Rektorlar ikili diplomların verilməsi üçün Ankara Universitetinin tələbələrinin BDU-da, BDU tələbələrinin isə Ankara Universitetində yay məktəblərində iştiraklarının detallarını da müzakirə ediblər. Akademik Abel Məhərrəmov, Amerika, Avropa və Asiya universitetləri arasında elm və təhsilin inkişafı ilə bağlı proqramların olduğunu xatırladaraq Azərbaycan və Türkiyə arasında da belə proqramların olmasının əhəmiyyətini qeyd edib. Bu baxımdan rektor Heydər Əliyev və Atatürk proqramlarının yaradılmasını təklif edib.

Daha sonra BDU ilə Ankara Universiteti arasında beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədi ilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Əməkdaşlıq müqaviləsində tədqiqatçı, doktorant və magistrlərin mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı, tamamlanmış bakalavr dərəcəsi, ikili diplom proqramları öz əksini tapıb.

İmzalanma mərasimdən sonra rektorlar bildiriblər ki, müqavilədən yararlanan tələbələr həm BDU, həm də Ankara Universitetinin məzunu olacaqlar ki, bu da onlara hər iki qardaş dövlətlə işləmək şansı yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317

Oxşar yazılar