Səlim Müslümov anons verdi
12 yanvar 2011 19:05 (UTC +04:00)

Səlim Müslümov anons verdi

“Azərbaycanda sosial sığorta dərəcələrinin dəyişdirilməsi hələ gündəmdə deyil. Çünki sosial sığorta dərəcələrinin artırılması indiki şəraitdə real görünmür”.

Lent.az-ın məlumatına görə, bu barədə DSMF-in sədri Səlim Müslümov “Xəzər – Avropa İnteqrasiya İşgüzar Klubu”nun üzvləri ilə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, həm region, həm Avropa ölkələri ilə müqayisədə Azərbaycanda sosial sığorta dərəcələri xeyli aşağıdır: “Bizdəki qədər sosial sığorta dərəcəsi yalnız Gürcüstandadır. Belə ki, Gürcüstanda sosial sığorta dərəcəsi 25 faizdir. Amma orada həmin vəsaitlərin hamısını işəgötürən təşkilat özü ödəyir”.

Səlim Müslümov deyib ki, hazırda Qazaxıstanda sosial sığorta dərəcəsi 21 faizdir. Bunun 11 faizini işəgötürən, 10 faizini isə işçi ödəyir. Onun sözlərinə görə, sosial sığorta dərəcəsinin bu səviyyədə olması Qazaxıstan üçün çətindir: “Amma onlar buna gediblər. Qazaxıstanda orta aylıq əməkhaqqı 460 dollardır, bizdə isə təqribən 400 dollardır. Lakin 460 dollardan dərhal 46 dollar sosial sığorta ödəmək bir az ağırdır”.

Fond sədri bildirir ki, milli qanunvericiliyə əsasən, dövr keçdikcə Azərbaycanda sosial sığorta dərəcələri işəgötürənin xeyrinə dəyişməlidir. Yəni bu dərəcələr işəgötürənlər üçün aşağı salınmalı, işçilər üçün artırılmalıdır: “Amma doğrusu, biz hələ buna gedə bilmirik”.

Xatırladaq ki, hazırda Belorusda sosial sığorta dərəcəsi 35 faiz (34 faizi işəgötürənin payıdır), Qırğızıstanda 27,25 faiz (17,25 faizi işəgötürənindir), Latviyada 33 faiz (24 faizini işəgötürən), Litvada 40 faiz (31 faizini işəgötürən), Moldovada 29 faiz (23 faizini işəgötürən), Rusiyada 34 faiz (hamısını işəgötürən ödəyir), Tacikistanda 26 faiz (25 faizini işəgötürən), Özbəkistanda 29 faiz (25 faizini işəgötürən), Ukraynada 39 faiz (36 faizini işəgötürən), Çexiyada 34 faiz (26 faizini işəgötürən), Polşada 32,4 faiz (18,7 faizini işəgötürən), Almaniyada 31,63 faizdir (12,57 faizini işəgötürən ödəyir).

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar