Təhsil Nazirliyinin şöbələri hesabat verir
07 yanvar 2011 15:27 (UTC +04:00)

Təhsil Nazirliyinin şöbələri hesabat verir

Yanvarın 6-da Təhsil Nazirliyində Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi və Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin 2010-cu ilə dair illik hesabatları dinlənilib. İclasda təhsil naziri Misir Mərdanov da iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, iclasda Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov çıxış edərək rəhbəri olduğu şöbənin əsas vəzifə və funksiyalarından söz açıb. Onun sözlərinə görə, ötən il şöbə tərəfindən nazirliyin 3 illik Strateji Planı və 2010-cu il üçün illik fəaliyyət planı hazırlanıb.

Regionlarda müəllim çatışmazlığı problemindən danışan Fərzəli Qədirov deyib ki, ölkənin ümumtəhsil məktəblərində mövcud vakansiyalar ümumiləşdirilib və təhlil olunaraq dövlət sifarişi hazırlanıb. Onun sözlərinə görə, ötən il ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilib. 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərində 288 vakant müəllim yeri müəyyənləşdirilib və işə qəbul həyata keçirilib.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müdiri Samir Məmmədov isə deyib ki, ölkəmizin 500 təhsil müəssisəsində kompüter sinifləri, müəllim və direktorların otaqlarını əhatə edən lokal şəbəkələr yaradılıb. O, ümumilikdə 1000 təhsil müəssisəsinin internet şəbəkəsinə qoşulduğunu diqqətə çatdırıb.

İclasın sonunda təhsil naziri Misir Mərdanov görülən tədbirlər barədə fikirlərini söyləyib. Nazir Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsinin nazirliyin ayrı-ayrı şöbələri ilə daha sıx əlaqəli işləmələrini tövsiyə edib və bundan sonra hər iki şöbənin qarşısında duran vəzifələri nəzərə çatdırıb.

Xatırladaq ki, yanvarın 6-dan etibarən nazirliyin bütün şöbələrinin 2010-cu il ərzində gördükləri işlərlə bağlı hesabatları dinləniləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098

Oxşar yazılar