“Əli və Nino”ya mane olan vergi müfəttişi işdən qovuldu
06 yanvar 2011 16:34 (UTC +04:00)

“Əli və Nino”ya mane olan vergi müfəttişi işdən qovuldu

Bakı şəhər sakini Nigar Köçərli özünə məxsus “Əli və Nino” mağazasının fəaliyyətinə maneçilik törədilməsi ilə bağlı Vergilər Nazirliyinə müraciət edib.

Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nigar Köçərlinin Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşının qanunsuz hərəkətləri barədə 25 dekabr 2010-cu il tarixli müraciətinin Nazirliyin Daxili təhlükəsizlik baş idarəsində araşdırılması zamanı Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşı Ramil Nəsirlinin ərizəçiyə məxsus “Əli və Nino” kitab mağazalarında yoxlama apararkən pərakəndə ticarət obyektinin qanuni fəaliyyətinə müdaxilə etdiyi, obyektin normal sahibkarlıq fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərini aşdığı, bununla da vergi orqanının adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyi təsdiqini tapıb.

Bu hərəkətlərin “Vergi işçisinin etik davranış kodeksi” ilə bir araya sığmadığı nəzərə alınaraq, vergilər naziri Fazil Məmmədovun əmri ilə Ramil Nəsirlinin vergi orqanlarında xidmətinə xitam verilib.

Vergilər nazirinin digər əmri ilə vəzifə səlahiyyətlərinə səhlənkar yanaşaraq, təhkim olunduğu Qaradağ rayonu ərazisində vergi uçotuna durmadan və müvafiq lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə himayədarlıq etdiyinə, əmək müqaviləsi olmadan işə cəlb olunma halları barədə nəzarət tədbirlərini həyata keçirmədiyinə görə Bakı şəhəri Vergilər Departamentinin Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş Əliyev Mübariz Bayram oğlunun da vergi orqanlarında xidmətinə xitam verilib.

Xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlara, aparılan yoxlamalar zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar müvafiq tədbirlər görmədiyinə, ona qarşı tətbiq olunmuş intizam tənbehi tədbirlərindən nəticə çıxarmadığına görə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Təhsil, səhiyyə və maliyyə xidmətləri sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş Məmmədov Cəmil Qulu oğlunun rütbəsi bir pillə aşağı salınıb.

Nazirliyin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən Xətai və Binəqədi rayonları ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində vergi ödəyiciləri ilə münasibətdə "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinə əməl etmədiklərinə, vergi orqanlarının adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiklərinə görə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş Əyyubov Rüfət Rasim oğlu, dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş Eyvazov Süleyman Xan oğlu və dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş İbrahimov İlkin İbad oğlu, Bakı şəhəri Vergilər Departamentinin dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş Məmmədov Alik İmaməli oğlu və dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş Vəliyev Nəbi Həbib oğlu tutduqları vəzifələrdən kənarlaşdırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198

Oxşar yazılar