Nazir həkimlərin imtahanını izlədi
05 yanvar 2011 16:48 (UTC +04:00)

Nazir həkimlərin imtahanını izlədi

Tibb işçilərinin sertifikasiyası məqsədilə həkimlərin bu gün keçirilən ilk test imtahanı başa çatıb.

Lent.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Tibbi Kitabxanasının binasında keçirilən imtahanları nazir Oqtay Şirəliyev də izləyib. Nazir jurnalistlərə qısa açıqlamasında imtahanın şəffaf, heç bir kənar müdaxilə olmadan keçdiyini deyib. Onun sözlərinə görə, həkimlərə çalışdıqları sahələrə və gündəlik işlərində rastlaşdıqları proseslərə dair suallar təqdim olunub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirib ki, bu gün 4 mama-ginekoloq, 19 terapevt olmaqla cəmi 23 həkim imtahan verib. Onun sözlərinə görə, sertifikasiya prosesi mərhələli şəkildə 5 il davam edəcək: “Praktik tibb sahəsi ilə məşğul olan bütün həkim və orta tibb işçiləri sertifikasiyaya cəlb olunacaq. Elə həkimlər ola bilər ki, 3 ildən, bəziləri isə 4 ildən sonra yenidən imtahan verəcək”.

Anar Qədirli imtahanda istifadə olunan test suallarının və cavablarının əvvəlcədən satılması barədə məlumatlara da münasibət bildirib. Bu məlumatları şayiə kimi xarakterizə edən nazirlik rəsmisi deyib ki, prosesin şəffaflığı heç kəsdə şübhə doğurmamalıdır: “Test suallarının cavabları bir nəfərin əlində olsaydı, onların guya hansısa yollarla həkimlərə çatdığını iddia eləmək olardı. Amma belə bir şey yoxdur. Üstəlik imtahan zallarında müşahidə kameraları qoyulub, test suallarının cavabları kompüter vasitəsilə analiz olunur. İkinci mərhələdə adlı-sanlı tibb mütəxəssisləri tərəfindən müsabiqələr keçirilir və burada da şəffaflıq tam təmin olunub”.


Xatırladaq ki, imtahanların nəticələri 3 gündən sonra elan olunacaq. Nəticələr Sertifikasiya Komissiyası tərəfindən kompüterlər vasitəsilə hesablandıqdan sonra 100 sualdan ən azı 60-a düzgün cavab vermiş həkimlərə sertifikat təqdim olunacaq. Sualların 60-dan az hissəsinə cavab verən həkimlər isə iş yerləri və əməkhaqqı saxlanılmaq şərtilə Səhiyyə Nazirliyi tərəfindən təkmilləşdirmə kurslarına göndəriləcək. Altı aylıq təkmilləşdirmə kursundan sonra həmin mütəxəssislər ikinci dəfə sertifikasiya prosesinə qoşulmaq və imtahan vermək şansı qazanır.

Anar Qədirli deyir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlər və orta tibb işçiləri ikinci dəfə imtahandan uğur qazanmadığı halda, onların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verilməyəcək: “Bundan sonra həmin həkimlər özlərini nə vaxt imtahana hazır hesab etsələr, onda gəlib sertifikasiya prosesinə qoşula bilər. Yəni praktik tibb fəaliyyəti ilə məşğul olmaq istəyən həkimlər 5 dəfə də, 20 dəfə də imtahan verə bilər. Nə vaxt imtahanda tələb olunan həddən artıq bal toplasalar, onda onlara praktik tibb fəaliyyəti ilə məşğul olmaları üçün sertifikat veriləcək”.

Nazirlik rəsmisi onu da əlavə edib ki, sertifikasiya icbari prosesdir və praktik tibb fəaliyyəti ilə məşğul olan hər kəs bu prosesdən keçməlidir.

Xatırladaq ki, hazırda Azərbaycanda həkimlərin sayı 30 min, orta tibb işçilərinin sayı isə 60 min nəfərə yaxındır. Hazırda onların yalnız kiçik bir qisminin 5 il ərzində praktik tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə sənədi olan sertifikatları var. Bunlar əsasən, Tibb kollecləri və Azərbaycan Tibb Universitetinin rezidenturasını bitirmiş məzunlar, hamiləlik məzuniyyətində olan tibb işçiləri, 3 yaşınadək uşağını təkbaşına böyüdən həkimlər və orta tibb işçiləri və sosial məzuniyyətdə olan həkimlərdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1522

Oxşar yazılar