“Quş qripi” monitorinqinin nəticələri açıqlandı
30 dekabr 2010 18:42 (UTC +04:00)

“Quş qripi” monitorinqinin nəticələri açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə 2010-cu ildə aparılan sonuncu monitorinqin nəticələrini açıqlayıb.

DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent.az-a bildirib ki, dekabrın 20-dən başlanmış monitorinq seçmə üsulla ovlanaraq götürülən 19 baş çöl quşunun patoloji materialı, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 11626 baş ev quşunun qan nümunələri, eləcə də 227 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.

Yolçu Xanvəli deyib ki, monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Hərtərəfli monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Xatırladırıq ki, “quş qripi” xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və Balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

DBX rəsmisi bildirir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində diri quşların, quş əti və məhsullarının satışı qadağandır. Ticarət üçün xüsusi ayrılmış yerlərdə (bazarlarda, yarmarkalarda) dövlət baytarlıq orqanlarında uçotda olan baytarlıq nəzarəti obyektlərindən baytarlıq normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizasından keçirilmiş və müvafiq baytarlıq sənədlər ilə müşayiət edilən quş əti və onun məhsulları isə istisnadır. Onun sözlərinə görə, hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün lazımi tədbirlər davam etdirilir.

Yolçu Xanvəli onu da deyib ki, “quş qripi” xəstəliyi ilə əlaqədar respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdir. DBX quşların miqrasiyasını əsas götürərək, növbəti monitorinqin yanvarın 10-da başlamağı nəzərdə tutur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar