Geologiya İnstitutu hesabat verdi
28 dekabr 2010 15:57 (UTC +04:00)

Geologiya İnstitutu hesabat verdi

Toplantıda MEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadənin geniş məruzəsi dinlənilib.

Geologiya İnstitutunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, direktor çıxışında rəhbərlik etdiyi institutun bu il bir neçə aliminin Dövlət Mükafatı ilə təltif edildiyini xatırladıb. Akif Əlizadə bunu geoloqların 2010-cu ildə qazandığı ən böyük uğurlardan biri kimi dəyərləndirib.

Başa çatmaqda olan il ərzində institutda aparılan tədqiqatlardan danışan direktor əsasən çökmə hövzələrinin təkamülü, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, təbii və texnogen mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması istiqamətində görülən işləri xatırladıb. Onun sözlərinə görə, Geologiya İnstitutu yeni tədqiqatlar istiqamətini müəyyənləşdirib ki, bu da tibbi geologiyadır. Bu istiqamətdə aparılacaq tədqiqatlar bəzi geoloji obyektlərin və proseslərin canlı aləmə, o cümlədən insan səhhətinə təsirini öyrənəcək.

Akif Əlizadə deyib ki, Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti, Geologiya İnstitutu və Səhiyyə Nazirliyinin mütəxəssisləri tibbi geologiyanın istiqamətlərindən biri kimi, ölkəmizdə radon qazının paylanmasını öyrənir. Tədqiqatlar “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” layihəsi çərçivəsində aparılır.

Direktor qeyd edib ki, Geologiya İnstitutunun alimləri 2010-cu ildə Avropa Şurası, Ukrayna Elmi-Texniki Mərkəzi və Prezident yanında Elmin İnkişafı Fonduna 6 layihə təqdim edib. Həmin layihələrdən 3-ü qrant dəstəyi alıb. Onlar “Azərbaycan ərazisinin istilik sahəsinin modelinin, yeni CİS (coğrafi informasiya sistemi) xəritələrinin tərtibi və geotermal enerji ehtiyatlarının qiymətləndirilməsi”, “Şərqi Qafqaz – Cənubi Xəzər geodinamik sisteminin alp təkamülü CİS modelinin işlənilməsi” və “Bakı şəhəri ərazisinin mikrotremor ölçü məlumatları əsasında mikroseysmik rayonlaşdırılması” adlı layihələrdir.

Yığıncaqda qeyd olunub ki, bu il institutda 4 mühüm elmi nəticə əldə edilib, 10 dissertant təhsil alıb. Həmçinin 8 ümumrespublika elmi seminarı keçirilib. Bu tədbirlərdə Geologiya İnstitutu, Bakı Dövlət Universiteti, ARDNŞ Geofizika və Geologiya İdarəsinin, MEA Respublika Seysmik Xidmət Mərkəzinin alim və mütəxəssislərinin elmi məruzələri dinlənilib.

Tədbirin sonunda toplantı iştirakçılarının hesabata dair fikirləri dinlənildikdən sonra institutun 2010-cu ildəki fəaliyyəti müsbət qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076

Oxşar yazılar